...

Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Aprel 2020 14:38 (UTC +04:00)

Bakı: Trend:

Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımır.

Trend bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, Gürcüstan Dağlıq Qarabağın qondarma "müstəqilliyi"ni tanımır və Azərbaycanın bu bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin ikinci mərhələsini də qəbul etmir:

“Gürcüstan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, sülh yolu ilə həllinə tərəfdardır”.

Qeyd edək ki, martın 31-də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində - Dağlıq Qarabağda qondarma rejim tərəfindən "prezident və parlament" seçkiləri keçirilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başladı. 1991-ci ilin sonlarında Ermənistan hərbi qüvvələri Azərbaycan sər­həd­lərini pozub Qarabağa daxil oldular. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olundu.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 25 mindən çox insan hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu.

2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti