...

Azərbaycanın İtaliyadakı səfirinin video müsahibəsi İtaliya mətbuatında geniş yayılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2020 12:34 (UTC +04:00)
Azərbaycanın İtaliyadakı səfirinin video müsahibəsi İtaliya mətbuatında geniş yayılıb

Bakı. Trend:

İtaliyanın nüfuzlu Askanews xəbər agentliyi Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə 12 iyul tarixindən etibarən Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində Ermənistanın həyata keçirdiyi hərbi təxribatlara dair video müsahibə və İtaliyada yaşayan azərbaycanlıların Ermənistanın təcavüzünə qarşı İtaliya Parlamentinin qarşısında həyata keçirdiyi etiraz aksiyasına dair videoreportaj yayımlayıb.

Müsahibəsində Azərbaycan səfiri bildirib ki, 30 ildir ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalır, Ermənistan ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonu işğal edib və 1 milyondan çox azərbaycanlılar qaçqın və məcburi köçkündürlər. Diplomat əlavə edib ki, Ermənistan beynəlxalq hüquqa və bir çox beynəlxalq qurumlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərə hörmət etmir.

Diplomat cəzasız qalmış cinayətlərin yeni cinayətlərə yol açdığını, buna görə 12 iyul tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı hərbi avantüraya başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Azərbaycan ordusunun mövqelərinə, o cümlədən mülki əhalinin sıx məskunlaşdığı ərazilərə hücum etdiyini, nəticədə Azərbaycan ordusunun on iki hərbçisinin, habelə 76 yaşlı mülki şəxsin həlak olduğunu, çox sayda insanın yaralandığını, evlərə ziyan dəydiyini deyib.

Ermənistanın Azərbaycana qarşı hərbi avantüraya başlamasının səbəbləri kimi, diplomat, ilk növbədə, Covid-19 pandemiyası ilə daha da pisləşən Ermənistandakı çox ağır siyasi, iqtisadi, sosial problemlərdən diqqəti yayındırmaq olduğunu bildirib. O, əlavə edib ki, Ermənistanın hazırkı hərbi təxribatları işğal olunmuş ərazilərdəki təmas xəttində deyil, işğal olunmuş ərazilərdən uzaqda, Azərbaycanın Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədində baş verir və bununla Ermənistanın məqsədi bu hərbi təxribata üçüncü tərəfləri cəlb etməkdir.

Tovuz rayonunun, xüsusilə də Xəzər dənizindən neft və qazın beynəlxalq bazarlara, o cümlədən Avropaya nəqli üçün strateji ərazi olduğunu vurğulayan diplomat, habelə qeyd edib ki, Ermənistanın bu hərbi təxribatları yeni bazarlara və alternativ enerji mənbələrinə çıxışı təmin etmək baxımından Avropa üçün də vacib olan bu layihələrin fəaliyyətinin qarşısını almaq məqsədi daşıyır və təsadüfi deyil ki, Ermənistanın bu hərbi təxribatları Azərbaycandan bir çox ölkələrə, o cümlədən İtaliyaya qaz nəql edəcək dəhlizin tam fəaliyyətə başlamasından bir neçə ay əvvəl baş verir.

Askanews xəbər agentliyi videoreportajına İtaliyada yaşayan azərbaycanlıların Ermənistanın Azərbaycana qarşı təcavüzü və son hərbi təxribatlarına etiraz məqsədilə İtaliya Parlamentinin qarşısında həyata keçirdiyi sanksiyalaşdırılmış aksiyasından və hərbi təxribatlar nəticəsində Azərbaycanın mülki obyektlərinə dəyən ziyanı göstərən süjetlər də daxil edib.

Müsahibə İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrinin marağına səbəb olub. İl Sole 24 Ore, Libero Quotidiano, İl Tempo, İl Giornale d’Italia, Affari İtaliani, Quotidiano, Today.it, Notizie Tiscali, Gruppo Corriere, Corriere dell’Umbira, Corriere di Arezzo, Corriere di Rieti, TPI, Timgate, Virgilio və digər mətbuat orqanları tərəfindən də yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti