...

Ermənistanın Bolqarıstandakı səfirliyinin yalanları ifşa olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Avqust 2020 13:13 (UTC +04:00)
Ermənistanın Bolqarıstandakı səfirliyinin yalanları ifşa olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Bolqarıstandakı səfirliyi işğalçı ölkənin Sofiyadakı səfirliyinin yanlış informasiyalara söykənən məlumatına ciddi arqumentlərlə cavab verib.

Azərbaycanın Bolqarıstandakı Səfirliyindən Trend-ə verilən xəbərə görə, Ermənistanın Bolqarıstandakı səfirliyi yaydığı məlumatda Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun tarixi-hüquqi aspektlərini təhrif edərək Bolqarıstan ictimaiyyətini yanlış məlumatlandırmağa təşəbbüs göstərib. İşğalçı dövlətin nümayəndəliyi məlumatında “tarixi” fərziyyələri, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə bağlı yalanları, mövzu xüsusunda beynəlxalq hüququn “tələbləri”ni və Ermənistan-Azərbaycan sərhədində törətdikləri təxribatla bağlı əsassız iddiaları sıralayıb.

Ermənistan səfirliyinin məkrli və böhtana söykənən təşəbbüsünə cavab olaraq Azərbaycanın Bolqarıstandakı Səfirliyi dərhal aidiyyəti bolqar KİV-ləri ilə əlaqə saxlayaraq Azərbaycan tərəfinin mövqeyinin işıqlandırılmasını tələb edib. Bu məqsədlə, aidiyyəti KİV-lərə rəsmi məktub ünvanlanıb, işğalçı dövlətin təmsilçisindən fərqli olaraq həm tarixi faktlara, həmdə hüquqi sənədlərə istinad olunmaqla, məlumatın məkrli niyyəti ifşa olunub. Səfirliyin mövqeyi Bolqarıstanın www.actualno.com, www.club.bg və www.novini247.com xəbər portallarının səhifələrində dərc olunub.

Azərbaycan səfirliyinin mövqeyində bildirilib ki, iyulun 12-də Ermənistanın silahlı birləşmələri iri çaplı silahlardan və artilleriyadan istifadə etməklə Azərbaycan ordusunun mövqelərinə hücum edib. Azərbaycanın sərhəd rayonlarındakı mülki əhalinin qəsdən hədəfə alınması nəticəsində mülki infrastruktura, o cümlədən yaşayış binalarına ciddi ziyan vurulub və sivil şəxslər arasında ölən və xəsarət alanlar olub. Azərbaycan tərəfi bu barədə beynəlxalq ictimaiyyətə, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoruna məlumat verib. Metsamor AES-lə bağlı şərhlər isə Ermənistan tərəfinin Azərbaycanın Mingəçevir su anbarını hərbi hədəf hesab etməsi barədə mediada yaydığı xəbərlərə cavab olaraq verilib. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri heç vaxt mülki şəxsi və ya infrastrukturu hədəfə almayıb və yalnız BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək Ermənistanın silahlı hücumuna qarşılıq verib.

Qeyd olunub ki, Ermənistanın son təxribatı işğalçı dövlətin münaqişənin həllində maraqlı olmadığını sübut edib. Ermənistan silahlı qüvvələrinin Şahbuz və Culfa bölgəsində də təcavüzkar təşəbbüslərinə yer verilən mövqedə Tovuz bölgəsindəki provokasiyanın da “hərbi təhlili” diqqətə çatdırılıb. Vurğulanıb ki, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin düşmən mövqelərinə UAZ avtomobili ilə hücum etdiyini iddia edir. Bu ağlasığmaz iddiadır ona görə ki, hücum etmək niyyəti olan Azərbaycan bunu bir UAZ avtomobili ilə deyil, məhz ordusunun arsenalındakı güclü və dağıdıcı vasitələrlə edə bilərdi.

“Böyük Ermənistan” ilə bağlı fərziyyələrə cavab olaraq vurğulanıb ki, e.ə. IX–VI əsrlərdə mövcud olmuş Urartu dövləti indiki Ermənistan kimi digər xalqlara qarşı soyqırımı və deportasiyalar nəticəsində formalaşdırılmış monoetnik bir dövlət olmayıb. Assur kralı I Salmannassarın kitabələrində “Uruadri ölkəsi”nin 8 ölkə və 51 şəhərdən, Tukulti-Ninurtanın dövrünə aid olan yazılarda isə 43 krallıqdan ibarət olduğu göstərilib. Yaxın tarixlə müqayisə etsək, 15 respublikadan ibarət olan SSRİ-ni nə qədər erməni dövləti hesab etmək olarsa, Urartu da o qədər erməni dövləti ola bilərdi. Ardınca diqqətə çatdırılıb ki, hayların-ermənilərin Balkanlardan Kiçik Asiyaya gəlişi e.ə. VIII əsrə təsadüf etdiyi halda e.ə. IX əsrdə yaranmış Urartu dövlətini onlar necə qura bilərdi?. Hayların Fraqiyadan Kiçik Asiyaya e.ə. VIII əsrdə gəldiyini məşhur erməni tədqiqatçısı Nikolay Adonç hələ 1912-ci ildə çap edilmiş kitabında yazıb.

Qarabağ adının mənşəyinə və Azərbaycan SSR daxilində DQMV-nin yaradılmasına ciddi arqumentlərlə diqqət çəkən Səfirlik DQMV-nin Qarabağ adlı coğrafi ərazinin bir hissəsində yerləşdiyini və ölkənin bu bölgəsinin adının iki Azərbaycan sözündən birləşməsindən yarandığını vurğulayıb. Bildirilib ki, tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş, bundan sonra da belə qalacaq bölgə ermənilərin iddiasından fərqli olaraq Azərbaycana verilməyib, əksinə Azərbaycanın tərkibində saxlanılıb. Azərbaycan SSR daxilində DQMV-nin yaradılması qərarı, ermənilərin yalandan bildirdiyi kimi İ.Stalinin şəxsi mövqeyi deyil, iki azərbaycanlıdan, bir neçə ermənidən və başqalarından ibarət kollektiv bir qurum - Bolşevik partiyasının Qafqaz Bürosu tərəfindən qəbul olunub. Dağlıq Qarabağın Azərbaycan SSR daxilində muxtar bölgə statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit olunub. Muxtariyyətin isə bölgə əhalisinin tələblərinə zəmanət verən əsaslı hüquqları olub.

Ardınca münaqişənin hüquqi aspektlərinə diqqət yetirilərək qeyd olunub ki, SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, ittifaq respublikaları arasındakı sərhədlər, SSRİ tərəfindən təsdiqləndikdə, yalnız müvafiq respublikaların qarşılıqlı razılığı ilə dəyişdirilə bilərdi. Bu müddəa Azərbaycan SSR və Ermənistan SSR konstitusiyalarına da daxil edilib. Dağlıq Qarabağın Azərbaycandan Ermənistana verilməsi ilə bağlı 20 fevral 1988-ci il tarixli müraciətə cavab olaraq, 17 iyun və 18 iyun 1988-ci il tarixində Azərbaycan SSR Ali Soveti və SSRİ Ali Soveti onu qanunsuz hesab edib və rədd edib. Eyni zamanda xatırladılıb ki, oxşar yanaşma Sovet İttifaqının dağılmasından sonra ortaya çıxan müstəqil dövlətlərə münasibətdə Avropa dövlətlərinin siyasətində də aydın görünüb. Bu baxımdan, 1991-ci il 10 dekabr tarixində Avropa Şurası tərəfindən Sovet İttifaqında parçalanma prosesi haqqında qəbul olunmuş bəyannamədə xatırladılıb. Helsinki Yekun Aktının müddəalarına hörmət edilməsinin vacibliyini vurğulayan həmin bəyannamənin müddəalarına görə Avropadakı bütün dövlətlərin sərhədləri toxunulmazdır və yalnız sülh və razılaşma yolu ilə dəyişdirilə bilər.

Mövqenin sonunda Ermənistanın öz müqəddəratını təyin etmək ilə bağlı istismarına cavab olaraq qeyd olunur ki, öz müqəddəratını təyinetmə iddiaları beynəlxalq hüququn, xüsusən də dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya güc tətbiq etməyi qadağan edən imperativ normaların (jus cogens) pozulması ilə müşayiət edildikdə qeyri-mümkündür. Qeyri-qanuni güc tətbiq etməklə ərazi əldə etmək mümkün olmadığından, dövlətlər qanunsuz əldə edilmiş ərazi üzərində səlahiyyətin tanınmasına da hüquqi etimad göstərməməyə borcludur. Bu mövqe Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən açıq şəkildə ifadə edilib və dövlətlərin praktikasında ardıcıl olaraq izlənilib. Xarakterikdir ki, BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələrdə də həmin tələb gözlənilərək nəinki “öz müqəddəratını təyinetmə hüququ” xatırlanmayıb, əksinə Azərbaycana qarşı gücün tətbiq olunması və ərazilərimizin işğalı pislənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti