...

Yumruq kimi bir olmağımız ərazi bütövlüyümüzün bərpasını reallaşdırır - Naqif Həmzəyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2020 09:50 (UTC +04:00)
Yumruq kimi bir olmağımız ərazi bütövlüyümüzün bərpasını reallaşdırır - Naqif Həmzəyev

Bakı. Trend:

Son bir ayda müstəqil Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik müstəvidə qazandığı tarixi uğurlar milli birliyimizin, həmrəyliyimizin sarsılmazlığının nümayişi oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, sentyabrın 27-dən başlayaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinin təxribat əməllərinə tutarlı cavab verən yağı tapdağı altında qalan torpaqlarımızın işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. İgid, mərd əsgərlərimizin şücaəti nəticəsində hər gün cəbhədən aldığımız sevindirici xəbərlər Azərbaycan xalqını Ali Baş Komandanın ətrafında torpaqlarımızı işğaldan azad etmək, şanlı bayrağımızı düşmən tapdağı altında qalan ərazilərimizdə dalğalandırmaq amalı uğrunda yumruq kimi birləşdirdi.

Dövlət Başçımızın qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsi böyükdən kiçiyə daxilən səfərbər etdi, işğal olunmuş torpaqlara yenidən dönmək ümidi ilə milli birliyimizi möhkəmləndirdi, Böyük Qələbəyə zəmin yaratdı. İllərdir yağı tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxmış xalqımız bu haqq savaşında öz Prezidentinə inandı, arxalandı, Ondan güc aldı. Vətən Müharibəsi ölkəmizdə həm də siyasi partiyaların milli həmrəyliyinin, birliyinin nümayişi oldu.

Əks-hücum əməliyyatları başladığı ilk gündən bütün Azərbaycan xalqı kimi, ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın dövlətimizin Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi milli birlimizin, həmrəyliyimizin sarsılmazlığını bir daha sübut etdi.

2020-ci ilin Vətən müharibəsi Azərbaycan xalqı üçün xalq-iqtidar-ordu birliyinin növbəti təzahürü, xalqımızın Ali Baş Komandanımıza, ölkəmızdə həyata keçirilən siyasətə dərin etimadı, dünya Azərbaycanlılarının milli birlik, həmrəylik ruhu ilə tarixə yazılır.

Siyasi partiyaların Şuşanın işğaldan azad edilməsi münasibətilə ölkə Başçısına ünvanladıqları təbrik məktubunda deyilir: “Şuşa qələbəsi Böyük Zəfərin ilk müjdəçisidir və Ermənistanın işğalı altında olan bütün torpaqlarımız azad edilənə qədər Azərbaycan mübarizəyə davam edəcək. Bu mübarizədə hər zaman olduğu kimi, Azərbaycan xalqı ilə birlikdə Sizin yanınızdayıq və hər bir əmrinizə tabeyik”.

Qürurverici haldır ki, ölkəmizdə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi proqram və platformalarından, siyasi baxışlarından asılı olmayaraq, ilk gündən milli həmrəylik göstərdilər, Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər. Bu da Azərbaycan xalqının hər zaman ümummilli, ümumxalq dövlətçilik maraqlarının siyasi, partiya, şəxsi maraqlarından üstün tutduğunun əyani təsdiqidir.

Ölkə Başçımızın cəmiyyətimizdə birlik, bərabərlik, mütəşəkkillik, həmrəylik rəmzinə çevrilən "Biz birlikdə güclüyük!” çağırışı bugünkü Qələbəmizi təmin edən əsas amillərdəndir. Yumruq kimi bir olmağımız, milli birlik, həmrəylik nümayiş etdirməyimiz, dövlət müstəqilliyimizi əbədi və dönməz edir, Böyük Qələbəyə xalqımızın əminliyini yüksəltdi, Azərbaycanın ərazi bütövlüyünün bərpasını reallaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti