...

AZƏRBAYCANDA YUVENAL ƏDLİYYƏ SİSTEMİNƏ DAİR HESABAT HAZIRLANARAQ BMT-YƏ TƏQDİM OLUNUB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2005 15:54

Trend-i buradan izləyin

Uşaq Hüquqları üzrə QHT Alyansı Azərbaycanda uşaq hüquqpozmaları haqqında hesabat hazırlayıb. Trend in məlumatına görə, iyunun 28-də Beynəlxalq Mətbuat Mərkəzində hesabatın təqdimat mərasimi keçirilib. Tədbirdə ATƏT-in Bakıdakı səfiri Maurisio Pavesinin, Böyük Britaniyanın Azərbaycandakı səfirin birinci müavini Kolin Veys, Ədliyyə Nazirliyinin nümayəndələri, QHT rəhbərələri, millət vəkilləri, hüquqşünaslar iştirak ediblər.

Uşaq Hüquqları üzrə QHT Alyansın milli əlaqələndiricisi Nabil Seyidov bildirib ki, bu qurum Azərbaycanda yuvenal ədliyyə (uşaqlar tərəfindən törədilən cinayətlər və uşaqların mühakimə olunması) məsələləri ilə bağlı geniş araşdırma aparıb. Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq, onun səbəbləri, mühakimə zamanı onların hüquqlarının müdafiəsi, təhsil, uşaq tərbiyə müəssisələrində, internat məktəblərində uşaqların vəziyyəti, saxlanma şəraiti ilə bağlı monitorinq həyata keçirilib. Bütün bu məsələlərə dair real vəziyyəti əks etdirən hesabat hazırlanıb. N.Seyidov bildirib ki, ATƏT-in Bakı ofisi və Böyük Britaniya səfirliyinin dəstəyi ilə həyata keçirilən bu layihənin sonunda hazırlanan hesabat BMT-nin Uşaq Hüquqları Komitəsinə, həmçinin BMT baş katibinin Uşaqlara Qarşı Zorakılıqların Araşdırılması Proqramına təqdim edilib.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Maurisio Pavesi bildirib ki, Azərbaycanda yuvenal ədliyyə sisteminə dair ilk dəfədir ki, hesabat hazırlanır. Onun sözlərinə görə, hesabatda yetikinlik yaşına çatmayanların cinayət törətdikdə onlarla necə davaranılması, hüquq-mühafizə orqanları tərəfindən onların hüquqlarının pozulması, bunun mənfi nəticələri və digər məsələlər əksini tapıb. M.Pavesinin sözlərinə görə, hesabat müəllifləri uşaqların saxlanma şəraitinin xoşagəlməz olduğu qənaətinə gəlib, onlara qarşı sərt cəza tədbirləri görüldüyünü, tibbi, müayinə qayğılarından, hüquqi yardımlardan, bir çox hüquqlarından məhrum olduqlarını yazıblar.

M.Pavesi hesabatda həmçinin Azərbaycan hökumətinə tövsiyələr verildiyini, bunlara əməl etməyə çağırıldığını bildirib. Səfirin sözlərinə görə, Azərbaycanın rəsmi şəxsləri cinayət törətmiş uşaqlarla davranışların yaxşılaşdırmaq istəyində olduqlarını bildiriblər.

Böyük Britaniyanın konsulu, səfirin birinci müavini Colin Viells isə bildirib ki, yuvenel ədliyyə sistemindəki aparılan araşdırmalar ölkədə uşaq hüquqları haqqında alternativ hesabat hazırlanması baxımından əhəmiyyətlidir. O, bildirib ki, bu araşdırmalarda Ədliyyə nazirliyinin nümayəndələri də iştirak edibəlr, şərait yaradıblar. C.Viellsin sözlərinə görə, bu, çox təqdirəlayiq haldır və hətta başqa ölkələrdə belə əməkdaşlıq yoxdur. Diplomat qeyd edib ki, BMT-nin Uşaq Hüquqları Komitəsi hesabatla tanışlıqdan sonra Azərbaycan hökumətinə öz tövsiyələrini verəcək. O, Azərbaycanın uşaq hüquqlarına dair beynəlxalq qurumlar qarşısında öhdəliklər götürməsini alqışladığını deyib.

Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova deyib ki, sözügedən məsələlərlə bağlı ədliyyə naziri Fikrət Məmmədovla müzakirələr aparıb. Onun sözlərinə görə, yuvenal ədliyyə sistemi, uşaqların hüquqlarının qorunması ilə bağlı Ədliyyə Nazirliyi ilə əməkdaşlıq qurulacaq.

Xəbər lenti

Xəbər lenti