...

Novruz Məmmədov: Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Ermənistan rəhbərliyi illüziyaya qapılmamalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2006 15:26 (UTC +04:00)

Ermənistan prezidentinin son bəyanatlarını əhəmiyyətli hesab etmək mümkün deyil. Bu barədə eksklyuziv olaraq Trend ə Azərbaycan prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Robert Koçaryanın Ermənistanın üç mümkün addımını, o cümlədən qondarma Dağlıq Qarabağ Respublikasının tanınması, "Dağlıq Qarabağ xalqının" təhlükəsizliyi üçün məsuliyyətinin hüquqi formalaşdırılması, Dağlıq Qarabağ ətrafında formalaşdırılmış təhlükəsizlik zonasının möhkəmləndirilməsini şərh edərkən bildirib.

"Bütün bunlar göstərir ki, Ermənistan rəhbərliyi yenidən çıxılmaz vəziyyətdə qalıbdır və buna görə də belə bəyanatlarla yenə özünə ölkə daxilində müəyyən reytinq qazanmaq istəyir. Çünki bu cür bəyanatlar nə beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun gəlmir və gəlmədiyi üçün də müəyyən mənada danışıqların gedişinə öz mənfi təsirini göstərə bilər" -deyə N.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, Ermənistan tərəfi qondarma Dağlıq Qarabağ qurumunu tanıya bilməz, onu tanıması üçün bütün beynəlxalq normalara zidd getməsi lazımdır. Azərbaycanın həm danışıqlar prosesində, həm də ümumiyyətlə, beynəlxalq arenada öz çəkisinin, reytiniqinin və nüfuzunun getdikcə güclənməsi Ermənistan tərəfinin belə diplomatik çərçivə və etiketə sığmayan bəyanatlar verməsinə səbəb olur.

"Bütün bunlar göstərir ki, bu münaqişə və bununla bağlı gedən proseslər Ermənistan rəhbərlərinin yalnız və yalnız elə hakimiyyətdə qalmasına xidmət etmək üçündür və ona görə də onlar bu addımları atırlar. Amma onlar başa düşməlidirlər ki, Azərbaycan prezidentinin özünün də qeyd etdiyi kimi, Azərbaycan heç bir qarış da olsun torpağını Ermənistana güzəştə getməyəcək və gedə bilməz və bunu da heç vaxt etməyəcəkdir. Ona görə də onların belə xam xəyallara və illüziyalara qapılmalarına da ehtiyac yoxdur"-deyə N.Məmmədov qeyd edib.

ATƏT-in Minsk qrupu həmsədrlərinin Vaşinqtonda keçiriləcək məsləhətləşmələrinə toxunan N.Məmmədov deyib ki, vasitəçilər "Rambuyedə keçirilmiş görüşdə yaranmış proseslərin" təhlil edilməsi və mövqelərin razılaşdırılması, yeni ideyaların irəli sürülməsi üçün görüşürlər. O, əlavə edib ki, vasitəçilərin məsləhətləşməsindən sonra görüşün nəticələri prezidentlərə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti