Dağlıq Qarabağ məsələsi BMT Baş Assambleyasında müzakirə olunarsa işğalçı Ermənistan bir daha beynəlxalq ictimaiyyətin qınağına çevriləcək. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədr müavini, politoloq Aydın Mirzəzadə GUAM üzvü olan və ərazisində münaqişələr yaşayan Gürcüstan, Ukrayna, Moldova və Azərbaycanın BMT Baş Assambleyasına etdiyi müraciətə münasibət bildirərkən qeyd edib.
Qeyd edək ki, müraciətin müəllifləri olan dövlətlər GUAM ərazisində həll edilməmiş məsələnin BMT-nin 61-ci sessiyasının gündəliyinə salınmasını xahiş ediblər.
A.Mirzəzadə bildirib ki, bu müraciət ciddi siyasi addımdır: "GUAM-a dörd dövlət üzvdür. Bu da onu göstərir ki, BMT-yə təkcə bu dörd dövlət yox, bir beynəlxalq təşkilat müraciət edib. Bu dörd dövlətin üçündə ərazi problemi var. Gürcüstan iki muxtar əraziyə nəzarət edə bilmir, Moldovada separatçı rejimlər ərazinin bir hisəssində mərkəzi hökuməti tanımaq istəmir, Azərbaycanın ərazisi isə qonşu Ermənistan tərəfindən işğal olunub. Maraqlıdır ki, Ermənistan bu işğalçı siyasətini etiraf etsə də, bunu absurd arqumentlərlə əsaslandırmağa çalışır".
Politoloq əlavə edib ki, bu məsələnin BMT Baş Assambleyasında müzakirə edilmək şansı həddən artıq böyükdür. Bu proses baş verərsə, dünya ictimaiyyətinin diqqəti yeni yaranmış dövlətlərdə separatizm faktoruna yönələcək: "Əgər bu prosesin qarşısı alınmasa, virus kimi dünyanın digər bölgələrini, o cümlədən Avropanın özünü də bürüyə bilər. Bu problemlə tək dörd dövlət deyil, bütün dünya mübarizə aparmalıdır. Bu gün dünyanın stabilliyini və dünya münasibətlərini qoruyan faktorlardan biri də ərazi bütövlüyü məsələsidir ki, ikinci dünya müharibəsindən sonra bu, əsas prinsipə çevrilib".
A.Mirzəzadə BMT-nin təsiretmə mexanizminin olmadığı ilə bağlı söylənilən fikirlərlə razılaşdığını desə də qurumun güclü tribunaya malik olduğunu bildirib: "Həmin tribunada hər hansı bir məsələnin müzakirəsi güclü diplomatik və siyasi təsirə malik ola bilər. Mənə elə gəlir ki, bu məsələnin müzakirəsi zamanı, birincisi, separatizm pisləniləcək, ikincisi isə, Ermənistan işğalçı olduğuna görə bir daha beynəlxalq ictimaiyyətin ciddi qınağına çevriləcək".