Dünya Azərbaycanlıları Konqresi (DAK) Xocalı soyqrımı ilə bağlı Brüsseldə ucaldacağı abidənin maketini hazırlayır. Bu barədə Trend ə DAK mətbuat xidmətinin rəhbəri Əli Nicat bildirib.
Ə.Nicat onu da qeyd edib ki, belə bir təşəbbüs DAK sədri Cavad Derəxtidən gəlib: "Abidənin ucaldılması ilə bağlı Brüssel bələdiyyəsinə müraciət ediləcək. İndi bunu lazım görmədik. Ona görə ki, bu günlərdə Brüssel bələdiyyəsinə seçkilər keçiriləcək. Yeni bələdiyyə formalaşandan sonra bu məsələ ilə bağlı müraciət olunacaq".
Ə.Nicat onu da vurğulayıb ki, Brüsseldə Xocalı soyqırımı ilə bağlı abidə "DAK terrora yox deyir" devizi altında ucaldılacaq. DAK rəsmisi hazırlanacaq maket üzərində yenidən iş aparılacağını deyib.
Onu da bildirək ki, abidənin hazırlanması Bakıda və yaxud da İstanbulda sifariş ediləcək. Abidənin DAK-ın dekabrın 9-11-ə planlaşdırdığı IX qurultayınadək Brüsseldə qoyulması planlaşdırılıb. Abidənin hazırlanması ilə bağlı maliyyə xərcini DAK üzvü Nadir Orucov öz üzərinə götürüb. İlkin hesablamalara görə abidə 50 min dollara başa gələcək. Abidə Brüsselin meydanlarının birində qoyulacaq.
Xatırladaq ki, DAK 1997-ci ildə Güney Azərbaycanda yaşayan soydaşlarımız tərəfindən ABŞ-ın Los-Anceles şəhərində yaradılıb. Konqresin ilk sədri doktor Nəzmi olub. DAK-ın II qurultayı Azərbaycan bayrağı altında Vaşinqtonda keçirilib. 2001-ci ildə keçirilən növbəti qurultayda Cavad Derəxti DAK sədri seçilib. 2005-ci ildə keçirilən qurultayda isə DAK-ın əsasnaməsi və nizamnaməsinə edilən dəyişikliklərə əsasən Məclis formalaşdırılıb.