ATƏT-in Parlament Assambleyası Daimi Komitəsinin noyabrda Maltada keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldırılacaq. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova məlumat verib.
O qeyd edib ki, bu məsələ Azərbaycan nümayəndə heyəti tərəfindən qaldırılacaq. ATƏT bu münaqişənin həllinə yardım göstərilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürmüş təşkilat olduğundan, Azərbaycan tərəfi onun bütün tədbirlərində bu məsələnin qaldırılmasını vacib hesab edir.
B.Muradova problemin nəinki öz həllini tapa bilməməsindən, həm də üstəlik, yeni əngəllərin yaranmasından təəssüfünü bildirib. BMT tərəfindən qətnamənin qəbul olunmasına baxmayaraq, sənədin icrası yenə də ATƏT-ə tapşırılıb.
"Görünür, beynəlxalq təşkilatlar yanğınlar zamanı zərər çəkmiş ərazilərin yaşıl örtüyünün payız yağışlarından sonra təbii surətdə bərpa olunmasını gözləyir ki, bundan sonra da hər hansı problemin olmadığı barədə bəyanat versin", - deyə vitse-spiker əlavə edib.