...

Avropa Birliyi Dağlıq Qarabağ probleminin nizamlanmasında fəal iştirak etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2006 18:00 (UTC +04:00)

Brüsseldə Tərəfdaşlıq və əməkdaşlıq haqqında Müqavilə çərçivəsində Azərbaycan-Avropa Birliyi Komitəsinin növbəti iclası keçirilib. Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən Trend ə verilən məlumata görə, görüşdə AR və AB arasında il ərzində siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı münasibətlər nəzərdən keçirilib.

Komitənin iclasında əməkdaşlığın siyasi aspektlərini nəzərdən keçirmək üçün Azərbaycan nümayəndə heyəti xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin, iqtisadi məsələlərin müzakirə üçün isə iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarovun başçılığı ilə təmsil olunub. Nümayəndə heyətinin tərkibinə Xarici İşlər, İqtisadi İnkişaf nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Mülkiyyətinin İdarə Olunması üzrə Dövlət Komitəsi, AR-in Brüsseldəki səfirliyinin nümayndələri daxil olublar.

Adıçəkilən tədbir ildə bir dəfə yayda keçirilir. Lakin Avropanın Qonşuluq Siyasəti üzrə danışıqlar davam etdiyindən Azərbaycan hökuməti milli planda yer almış bütün mübahisəli məsələlər həll olunana qədər görüşdən imtina edib. Trend in artıq xəbər verdiyi kimi, AB sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edib. Ona görə də ölkənin mövqeyi ondan ibarət olub ki, bu məsələ həll olunmayana qədər komitənin iclasını keçirməsin.

Siyasi blok üzrə iclasın gündəliyinə ölkədə insan haqlarının inkişafı ilə bağlı vəziyyət, demokratik institutların inkişafı məsələləri daxil edilib. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vəziyyətə dair təcrübə mübadiləsi aparılıb. XİN nümayəndələri münaqişənin nizamlanmasına dair hazırki vəziyyətə dair məlumat veriblər. "AB bu problemin həllində fəal iştirak etmir, lakin görüşdə bildirilib ki, Avropa Birliyi problemin qarşılıqlı qəbul oluna bilən və kompromis həllinin axtarılmasında aktiv fəliyyətə qoşulmağa hazırdır", - deyə nazirlikdən bildiribllər.

Əməkdaşlıq üzrə iqtisadi hissədə Azərbaycan və AB-də makroiqtisadi vəziyyət , ticarət sahəsində ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Görüşdə Avropanın Qonşuluq Siyasəti çərçivəsində milli fəaliyyət planı müzakirə olunub və praktiki olaraq razılaşdırılıb. Noyabrın 14-də Brüsseldə AB-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında planın təsdiq olunması planlaşdırılıb. Bununla yanaşı, müxtəlif proqramlar çərçivəsində AB-nin Azərbaycana yardım statusu nəzərdən keçirilib.

Xəbər lenti

Xəbər lenti