Politoloq: "Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsinə dair son bəyanatlarında yeni elementlər var"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2007 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Son iki ayda Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi bəyanatlarda kəskin sərtlik, tənzimlənmənin konkret detallarına münasibət bildirmək elementi aşkar görünür. Bu fikirləri politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı regional ictimai-siyasi prosesləri şərh edərkən açıqlama verib.

Onun fikrincə, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı prezident Əliyevin son bəyanatlarında diqqət çəkən yeni element var: "GUAM-ın Bakı sammitində İlham Əliyev təcavüzkar rejimlərin havadarlarının mövcudluğunu dilə gətirdi. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti zamanı da onun verdiyi bəyanatda bu element görünür. İlham Əliyev hesab edir ki, Avropa təcavüzkar rejimlərin himayədarlarını üzə çıxarmalıdır. Havadar olmadan yüzminlik Dağlıq Qarabağın 8 milyonluq Azərbaycana, 70-80 minlik Cənubi Osetiya və 150-160 minlik Abxaziyanın 5 milyonluq Gürcüstana, 170-180 minlik rusun 3 milyonluq Moldovaya qalib gəlməsi mümkün deyil" - deyə politoloq qeyd edib.

Separatizm proseslərinin baş qaldırdığı dövrün tarixi, siyasi və geosiyasi proseslərinin müqayisəli təhlili də bunları bilavasitə göstərir.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti