...

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistanı diqqətlərini yaxın aylarda sülh razılaşmasında irəliləyişə nail olmaq üçün cəmləşdirməyə çağırıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2007 12:06 (UTC +04:00)
ATƏT-in Minsk qrupu  həmsədrləri Azərbaycan və Ermənistanı diqqətlərini yaxın aylarda sülh razılaşmasında irəliləyişə nail olmaq üçün cəmləşdirməyə çağırıblar

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı münaqişə tərəflərinin (Ermənistan və Azərbaycan) əvəzinə qərar qəbul etməyəcək. "Əgər münaqişə tərəfləri konkret qərar qəbul etmək əvəzinə qeyri-müəyyənliyi seçərlərsə, biz ATƏT-in Minsk qrupu nümayəndələri onların əvəzinə bu qərarı qəbul edə bilmərik" - deyə ATƏT-in Minsk qrupu həmsədrlərinin (Rusiya - Yuri Merzlyakov, Fransa - Bernar Fasye və ABŞ - Metyu Brayza) Vyana görüşünün yekununa dair verdikləri bəyanatda göstərilir.

Sənəddə göstərilir ki, artıq 13 ildir mövcud olan "nə müharibə, nə sülh" prinsipi ilə münaqişəyə yanaşma çox güman ki, münaqişə tərəflərinə daha əlverişli görünür, halbu ki, kopromisə gedərək qərar qəbul etmək hər iki ölkənin xalqı üçün çiçəklənmyə səbəb olacaq yeni sülh əsri gətirə bilər.

Həmsədrlər həmçinin bir müddət öncə baş tutan Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryanın Sankt Peterburq görüşünü də qeyd ediblər. Həmsədrlərin fikrincə, Sankt Peterburqda prezidentlər münaqişə üzrə sülhə nail olmağa mane olan məhdud saydakı maneələri müzakirə ediblər. "2008-ci il hər iki ölkədə prezident seçkiləri ilidir və münaqişə üzrə irəliləyiş şansları da prezident seçkiləri kampaniyası nəticəsində ikinci plana keçəcək. Prezidentlər səviyyəsində baza prinsiplərinə əməl olunmadan isə münaqişə üzrə razılaşma mətninin hazırlanması mümkün deyil" - deyə bəyanatda göstərilib.

Həmsədrlər həmçinin qeyd edirlər ki, bir müddət öncə hər iki tərəf göstərdi ki, öz millətlərində sülh üçün ictimai rəylərin formalaşdırılmasına münasib şərait yarada bilərlər. Bununla əlaqədar xüsusilə ziyalı qrupunun Dağlıq Qarabağ, Bakı və İrəvana qarşılıqlı səfərlərinin təşkil olunması qeyd olunub. "Həmsədrlər tərəflər arasında inamın yaradılmasına istiqamətlənmiş ilk konkret addım kimi gördükləri bu hadisəni alqışlayır və yüksək qiymətləndirirlər" - deyə bəyanatda göstərilir.

Sənəddə münaqişənin sülh yolu ilə həllinə nail olunması prosesini uzadan əngəllər də qeyd olunur. Bu xüsusilə gücdən istifadə olunması ilə bağlı hədələr və müharibənin həll yolu olması ilə bağlı insanlarda yaradılan xülyalardır. "Dağlıq Qarabağda qarşıdan gələn "prezident seçkiləri" artıq tərəflər arasında gərginlik yaradıb. Bütün beynəlxalq ictimaiyyət nümayəndələri kimi həmsədrlər də Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və bü cür "seçkilər" münaqişənin sülh yolu ilə həllinə təsir etməməlidir".

Həmsədrlər münaqişənin həllində ATƏT-in Minsk qrupunun rolunu qeyd ediblər və Azərbaycan və Ermənistanı diqqətlərini yaxın aylarda sülh razılaşmasında irəliləyişə nail olmaq üçün cəmləşdirməyə çağırıblar. Həmsədrlər qarşıdakı görüşlərin təşkil olunmasına hazır olduqlarını qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti