Almaniya Qarabağ probleminin qısa zamanda nizamlanmasında maraqlıdır. Bu barədə bazar ertəsi Almaniyanın Ermənistana yeni təyin olunmuş səfiri Andrea Joana-Maria Viktorin etimadnaməsinin surətini Ermənistanın xarici işlər naziri Vardan Oskanyana təqdim edərkən bildirib.
"Səfir qeyd edib ki, Almaniya ATƏT-in Minsk qrupunda həmsədr olmasda və sülh nizamlanması prosesinə fəal cəlb olunmasa da, Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həll olunması və regionda stabilliyin yaranmasında maraqlı olduğunu təsdiq edir", - deyə Ermənistan XİN-in mətbuat və informasiya idarəsindən "ARKA" agentliyinə bildiriblər.
Viktorinin xahişi ilə Ermənistan xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağ probleminin nizamlanması üzrə danışıqlar prosesini qısaca şərh edib.
"Görüş zamanı Ermənistan-Alman əlaqələrinin hazırkı yüksək səviyyəsinə toxunulmuş, həmçinin iki ölkənin gələcəkdəki qarşılıqlı fəaliyyət proqramı müzakirə olunub", - deyə Ermənistan XİN-dən bildirilib.
Andrea Joana-Maria Viktorin 1957-ci ildə doğulub. 1991-ci ildən AFR XİN-in əməkdaşıdır.
1992-1995-ci illərdə Almaniyanın Latviyada, 1997-2000-ci illərdə Niderlanddakı səfirliyində işləyib.
2000-2003-cü illərdə Almaniyanın Belarusdakı səfirinin müavini, 2003-cü ildən isə Almaniya XİN idarəsi rəhbərinin müavini vəzifəsini tutub.