...

Birinci vitse-spiker: "Azərbaycanın hərbi doktrinası parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq"

Siyasət Materials 19 Sentyabr 2007 19:31 (UTC +04:00)
Birinci vitse-spiker: "Azərbaycanın hərbi doktrinası parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Azərbaycanın hərbi doktrinası hazırdır və Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Bu barədə Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov çərşənbə günü Bakıda NATO Parlament Assambleyasının Demokratik İdarəçilik Alt Komitəsinin sədri Çətin Kazakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə məlumat verib.

"Sənədin parlament tərəfindən qəbul edilməsi gözlənilir" - deyə Əsgərov əlavə edib. Vitse-spirkerin sözlərinə görə, hərbi doktrinada Azərbaycanın hər hansı ölkəyə hücum etməsi nəzərdə tutulmayıb. Sənəd tam olaraq ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsinə yönəlib.

"Bununla yanaşı, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını qaytarmaq hüququnu özündə saxlayır və bu hüquq qüvvədə qalır" - deyə Əsgərov bildirib.

Azərbaycanda aparılan hərbi islahatlar barədə məlumat verən vitse-spiker vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması Azərbaycanda səmərəli islahatların aparılmasına da mane olur: "Biz bu islahatları daha da sürətlə apara bilərik. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü buna mane olur".

NATO Parlament Assambleyası Demokratik İdarəçilik Alt Komitəsinin nümayəndə heyətinin çərşənbə günü Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində XİN, MTN, Müdafiə Nazirliyi və Milli Məclisdə bir sıra görüşlər keçirəcək nümayəndə heyəti Azərbaycanda siyasi, iqtisadi, hərbi, insan hüquqları, demokratik inkişafla bağlı sahələrdəki vəziyyəti öyrənəcək, bu sahələrdə aparılan islahatlarla tanış olacaqlar. Səfərin yekunlarına dair hesabat hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti