...

Demokratiya Uğrunda İttifaq: "Azərbaycanın işğal olunmuş ərazilərində antiterror əməliyyatı aparılmalıdır" - YENİLƏNİB

Siyasət Materials 25 Sentyabr 2007 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ münaqişəsinin həllində ATƏT və onun tərkibində yaradılmış Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyəcək. Bu fikirləri Ədalət Partiyasının sədri İlyas İsmayılov Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə çərşənbə axşamı keçirilən Qarabağ Forumunda bildirib.

İsmayılov hesab edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün heç bir beynəlxalq təşkilata arxayın olmamalı, problemini özü həll etməlidir.

"Bizim Azərbaycan" blokunun sədri Vüqar Bəyturan bildirib ki, Azərbaycan Ermənistanı terrorçu dövlət elan edərək ona qarşı mübarizəyə başlamalıdır. Bəyturan beynəlxalq antiterror əməliyyatlarında Azərbaycanın ABŞ-la müttəfiq olduğunu və rəsmi Vaşinqtonun bunu dəfələrlə vurğuladığını xatırladıb.

Milli Dirçəliş Hərəkatının rəhbəri Fərəc Quliyev bildirib ki, Azərbaycan ərazisinin işğalı problemi "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" şəklində təqdim olunmamalı, ümumiyyətlə bu ifadə leksikonumuzdan çıxarılmalıdır: "Həmçinin ATƏT-in Minsk qrupu üzvləri pərdəarxası işğalçı Ermənistanı dəstəklədiyinə görə bu oyundan imtina edilməli, Azərbaycan və Ermənistan özləri vasitəçi dövlətlərini müəyyən etməlidirlər. Məsələn, Azərbaycan Türkiyə və Almaniyanı, Ermənistan isə Rusiya və Fransanı özünə vasitəçi dövlət seçə bilər" - deyə Quliyev bildirib. O, həmçinin təklif edib ki, Qarabağ probleminin həlli ilə bağlı rəsmi Bakının beynəlxalq təşkiltalar qarşısında sığortalanması üçün Azərbaycan hakimiyyəti ilə cəmiyyəti arasında memorandum bağlanmalıdır.

Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu isə bildirib ki, "Dağlıq Qarabağ" sözü işlədilməməlidir, çünki artıq belə bir inzibati ərazi vahidi yoxdur. Konkret olaraq Azərbaycanın işğal olunmuş əraziləri var. Partiya sədri hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün siyasi hakimiyyətin dəyişməsi vacibdir.

Demokratiya Uğrunda İttfaq özü isə Qarabağ münaqişəsinin həlli üçün "müddətli həll konsepsiyası"nın hazırlanması və işğal olunmuş ərazilərdə "antiterror əməliyyatları" aparılmasını təklif edir. İttifaqın həmsədri Mirmahmud Mirəlioğlu bildirib ki, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları heç bir nəticə vermədiyi üçün artıq problem başqa müstəvidə həll olunmalıdır.

Demokratiya Uğrunda İttifaqda üç müxalifət partiyası - Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları təmsil olunur.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək tərəflər arasında sülh danışıqları davam etdirilir. Danışıqlarda üç ölkənin həmsədrlik etdiyi (ABŞ, Rusiya, Fransa) ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti