...

Millət vəkili: "Rusiyada yeni hökumətin fəaliyyətə başlaması Azərbaycan-Rusiya əlaqələrində müsbət dəyişiklik yarada bilər"

Siyasət Materials 25 Sentyabr 2007 17:56 (UTC +04:00)
Millət vəkili: "Rusiyada yeni hökumətin fəaliyyətə başlaması Azərbaycan-Rusiya əlaqələrində müsbət dəyişiklik yarada bilər"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Azərbaycanda hesab edirlər ki, Rusiyada yeni hökumətin fəaliyyətə başlaması Moskva-Bakı əlaqələrində müsbət dəyişiklik yarada bilər. Bu barədə çərşənbə axşamı Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun üzvü, millət vəkili Yevda Abramov bildirib.

"Rusiyada yeni hökumətin fəaliyyətə başlaması Azərbaycanla əlaqələrə mənfi təsir etməyəcək. Burada yalnız müsbət dəyişiklikdən danışmaq olar", -deyə millət vəkili əlavə edib.

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Mixail Zubkovun rəhbərlik etdiyi hökumətin tərkibini təsdiq edib. Rusiyanın baş naziri Mixail Fradkov sentyabrın ortalarında istefaya gedib. Bundan sonra, Rusiya prezidenti hökuməti tam tərkibdə istefaya göndərib.

Abramov qeyd edib ki, Azərbaycanla Rusiya arasında olan əlaqələrin tənzimlənməsində əsas rolu iki ölkənin prezidentləri oynayırlar. Rusiya hökuməti bu məsələdə prezident Vladimir Putinin tapşırıqlarını yerinə yetirir. Rusiya prezidenti isə, Azərbaycanla əlaqələrin inkişafında maraqlılır.

"Bu gün Azərbaycanla Rusiya arasında olan əlaqələr ideal səviyyədə deyil. İqtisadi, ticarət əlaqələri inkişaf edir, iki ölkə arasında mal dövrüyyəsi artır. Təəssüf ki, bunu siyasi münasibətlərə aid etmək olmaz. Siyasi səviyyədə Azərbaycanın Rusiyadan gözlədiyi əsas məsələ Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Lakin Rusiya bu münaqişənin həllində

"dirijor" olmaq və son sözünü demək istəmir. Baxmayaraq ki, Rusiyanın bunun üçün böyük imkanları var".

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

Xəbər lenti

Xəbər lenti