Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Müxalifəti təmsil edən Müsavat Partiyası oktyabrın 18-də Bakının X,ətai rayonu ərazisində yerləşən "Ukrayna" meydanında aksiya keçirməyi planlaşdırır. Bu barədə şənbə günü Bakıda Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.
"Aksiya Azərbaycanda Müstəqillik Aktının qəbul olunmasının növbəti ildönümü ilə bağlı keçiriləcək", -deyə Hacılı əlavə edib.
1991-ci ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti ölkənin müstəqilliyi haqqında Akt qəbul edib. Həmin sənədlə, Azərbaycan o zamankı SSRİ-nin tərkibindən çıxdığını və öz müstəqilliyini bəyan edib.
Hacılı qeyd edib ki, oktyabrın 18-də aksiya keçirməklə bağlı, Müsavat Partiyasında müzakirələr davam edir. Gələn həftə məsələ ilə bağlı konkret qərar veriləcək. Bundan sonra aksiyanın forması müəyyənləşdiriləcək: "Aksiya yürüş-mitinq və ya bayram mitinqi formasında ola bilər".
Onun sözlərinə görə, aksiyada, əsasən, müstəqillik, istiqlaliyyətlə bağlı şüarlar səsləndiriləcək.
Müxalifəti təmsil edən sağ-mərkəzçi Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 4 deputatla təmsil olunur.