...

Azərbaycan Əfqanıstandakı sülhməramlılarının sayını iki dəfə artırır

Siyasət Materials 4 Oktyabr 2007 12:58 (UTC +04:00)
Azərbaycan Əfqanıstandakı sülhməramlılarının sayını iki dəfə artırır

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı 22 nəfərdən 44 nəfərə gədər artırılacaq. Bu barədə cümə axşamı Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclasında komissiyanın sədri, birinci vitse-spiker Ziyəfət Əsgərov məlumat verib.

Əsgərov qeyd edib ki, prezident İlham Əliyev bununla bağlı layihəni Milli Məclisə təqdim edib.

Azərbaycan Parlamenti 2002-ci ilin noyabrın 15-də Azərbaycan sülhməramlı tağımının Türkiyə Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verib. İndi isə Əfqanıstana əlavə bir tağım göndəriləcək.

Parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, deputat Pənah Hüseyn isə qeyd edib ki, hazırda Əfqanıstanda vəziyyət əvvəlki dövrlə müqayisədə xeyli gərginləşib. Ona görə də bir sıra ölkələr Əfqanıstandakı sülhməramlılarını geri cağırırlar: "Belə olan təqdirdə Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayının artırılması nə dərəcədə doğrudur?". Buna cavab olaraq birinci vitse-spiker qeyd edib ki, bu məsələ tam araşdırılıb, məlum olub ki, Azərbaycanın Əfqanıstandakı sülhməramlıları ilə bağlı heç bir ciddi hadisə baş verməyib. Eyni zamanda, yerli əhali də dini və digər amillərə görə Azərbaycan sülhməramlılarına müsbət yanaşırlar.

"NATO rəhbərliyi də Azərbaycana müraciət edib ki, Əfqanıstandakı sülhyaratma əməliyyatına kömək etsin və bunun üçün əlavə qüvvə göndərsin. Prezident də bunu məqbul hesab edib" - deyə Əsgərov əlavə edib.

Layihənin Milli Məclisdə müzakirəsi tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti