...

"Rusiya hərbi texnikanın bir hissəsini Dağlıq Qarabağda yerləşdirib" Azərbaycan Müdafiə Nazirliyi

Siyasət Materials 19 Noyabr 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın Gürcüstandan çıxarılan hərbi texnikasının Ermənistanda yerləşdirilməsinin regionda təhlükə yaratdığını bəyan edib. "Rusiya Gürcüstandan çıxarılan hərbi texnikanın bir hissəsini Azərbaycanın işğal olunan Dağlıq Qarabağ ərazisində yerləşdirib" bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend ə bildirib.

Rusiya Gürcüstandan çıxardığı hərbi texnikanın 70 faizini Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasında yerləşdirib. Azərbaycan və Ermənistan müharibə şəraitində olduğundan, Rusiyanın hərbi texnikasının Gümrüdə yerləşdirilməsi müharibənin başlanma riskini artırır.

Sabiroğlu deyib ki, Rusiyanın mövqeyi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına əngəllər yaradır. Onun sözlərinə görə, Rusiya Ermənistandakı 102-ci bazasını təkmilləşdirmək adı ilə orada yeni hərbi baza yaratmağa başlayıb. "Özünü suveren dövlət hesab edən Ermənistanın sərhədlərini Rusiya hərbçiləri qoruyur" Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib.

Sabiroğlu deyib ki, Rusiyanın ikili siaysəti aradan qaldırılmayınca, problemin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi üçün səylər göstərilməyincə, Dağlıq Qarabağ münaqişəsinin həlli uzanacaq. "Azərbaycan münaqişənin dinc yolla həllinə üstünlük verir, ancaq bu, sonsuza qədər davam edə bilməz. Bu cür davam etsə, Azərbaycan ordusu başqa yollarla işğal olunan torpaqlarını azad edəcək" Sabiroğlu deyib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti