...

Azərbaycanın eks-prezidenti növbəti prezident seçkisində iştirak etməyəcək

Siyasət Materials 27 Noyabr 2007 10:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın eks-prezidenti, ASDP-nin lideri Ayaz Mütəllibov ölkəyə qayıtmayacağı təqdirdə gələn il keçiriləcək prezident seçkisində iştirak etməyəcək. Bu barədə bazar ertəsi Trend ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə məlumat verib.

"Ayaz Mütəllibov özü bildirib ki, əgər Azərbaycana gəlməsinə imkan yaradılmasa, prezidentliyə namizədliyini irəli sürməyəcək" - deyə Əlizadə bildirib.

Gələn il oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçiriləcək.

Əlizadənin sözlərinə görə, ASDP prezident seçkisində öz namizədi ilə iştirak edəcək. Lakin partiyanın namizədini ASDP-nin gələn il keçiriləcək qurultayı müəyyənləşdirəcək. Qurultayın isə gələn ilin yaz aylarında keçirilməsi planlaşdırılır.

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədrləri Əlizadə və Mütəllibovdur.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Mütəllibov ilk prezident seçilib. 1992-ci ildə Xalq Cəbhəsi Hərəkatının hakimiyyətə gəlişindən sonra ölkəni tərk edib, o vaxtdan indiyədək Rusiyada mühacirətdə yaşayır.

Eks-prezident Azərbaycanın Baş Prokurorluğunun ittihamı əsasında beynəlxalq axtarışa verilib. Mütəllibov dövlət çevirilişinə cəhd, qanunsuz silahlı dəstələrin yaradılması, zorla hakimiyyəti ələ almaq və digər ağır cinayətlər törətməkdə günahkar bilinir.

Xəbər lenti

Xəbər lenti