...

"Rusiyada keçirilən parlament seçkiləri prezident Vladimir Putinin siyasətinin davam edəcəyini təsdiqlədi" - azərbaycanlı siyasətçilər

Siyasət Materials 3 Dekabr 2007 13:41 (UTC +04:00)
"Rusiyada keçirilən parlament seçkiləri prezident Vladimir Putinin siyasətinin davam edəcəyini təsdiqlədi" - azərbaycanlı siyasətçilər

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanlı siyasətçilər hesab edirlər ki, Rusiyada keçirilən parlament seçkiləri prezident Vladimir Putinin hakimiyyətinin və siyasi kursunun gələcəkdə davam etdirilməsi baxımından sınaq idi və ölkə vətəndaşları hazırkı hakimiyyətə dəstək verdilər.

Dekabrın 2-də Rusiyada parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarına görə, artıq səsvermə bülleteinlərinin 98% hesablanıb. Seçicilərin 64,1% səsini qazanan hakim "Vahid Rusiya" partiyası liderdir. Komminist Partiyası 11,6%, Liberal Demokrat Partiyası 8,2, Ədalətli Rusiya Partiyası 7,8% səs toplayıb.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov bazar ertəsi Trend ə açıqlamasında bildirib ki, 2 dekabr seçkiləri Rusiya və prezident Putin üçün böyük əhəmiyyətə malik idi: "Çünki parlament seçkiləri Rusiyada hakimiyyətin və Putin iqtidarının taleyini həll edirdi. Seçkilərin nəticələrində sensasiya yoxdur. Dövlət Dumasına dörd partiyanın keçəcəyi və prezident Putinin "Vahid Rusiya" partiyasının böyük səs fərqi ilə qalib gələcəyi praqnozlaşdırılırdı".

Onun fikrincə, Rusiyada keçirilən parlament seçkilərinin Azərbaycan üçün ən vacib nəticəsi ondan ibarətdir ki, Dövlət Dumasına keçən erməni mənşəli deputatların sayı ötən seçkilərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb: "Bu isə onu göstərir ki, Rusiyanın siyasi partiyalarının erməni millətinə münasibəti dəyişib və onlar öz siyahılarının Dumaya düşmə ehtimalı olan hissələrində ermənilərə yer verməyiblər".

Novruzov vurğulayıb ki, parlament seçkilərinin nəticələri Rusiyada sabitliyin qorunub-saxlanılmasına zəmanət verir. Rusiyada sabitliyin olması isə Azərbaycanın maraqlarına cavab verir: "Çünki Rusiyada yüz minlərlə azərbaycanlı yaşayıb-işləyir. Rusiya Azərbaycanın qonşusu, ən böyük ticarət tərəfdaşı, Cənubi Qafqazdakı proseslərə təsir imkanları olan dövlətdir və nəhayət, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədridir. Ona görə də parlament seçkilərinin nəticələri Rusiya ilə yanaşı Azərbaycanın da maraqlarına cavab verir".

Müxalifəti təmsil edən Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, Rusiyada keçirilən parlament seçkilərini azad və ədalətli seçkilər hesab etmək olmaz: "Bir sıra tanınmış və nüfuzlu təşkilatların müşahidəçiləri seçkilərdə ciddi qanun pozuntularının baş verdiyini bildiriblər. Eyni zamanda, beynəlxalq müşahidəçilər də seçkilərin azad və ədalətli keçirilmədiyini, nəticələrə təsir edən ciddi qanun pozuntularının baş verdiyini açıqlamağa başlayıblar: "Seçki ərəfəsində hakimiyyət ATƏT müşahidəçilərinin Rusiyaya gəlməsinə imkan verməyəndə seçkilərin saxtakarlıqla və Putin iqtidarının istədiyi kimi keçiriləcəyi məlum idi".

Qəmbər qeyd edib ki, parlament seçkilərindən sonra Rusiyanın daxili və xarici siyasətində hər hansı müsbət dəyişiklik olmayacaq. Çünki belə bir dəyişikliyin baş verməsi üçün heç bir əsas yoxdur: "Rusiya hakimiyyəti yerli və beynəxalq ictimaiyyətin rəyinə məhəl qoymadan ölkəni avtoritarizmə doğru aparır".

Müstəqil politoloq Rasim Musabəyov hesab edir ki, Rusiyada keçirilən seçkilərdə sensasiya qeydə alınmayıb və nəticələr gözlənilən idi: "Seçkilərin nəticələri onu göstərir ki, Rusiyada Putin rejimi möhkəmlənir və gələcəkdə davam edəcək. Putin hakimiyyəti dünya ictimaiyyəti və Rusiya vətəndaşlarından dəstək aldı və hazırda həyata keçirilən siyasətin davam edəcəyini təsdiqlədi".

Musabəyov qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərində hər hansı dəyişiklik olmayacaq.

Xəbər lenti

Xəbər lenti