...

Azərbaycanın müxalifət partiyaları Avropa Şurasına vahid sənəd hazırlayır

Siyasət Materials 19 Dekabr 2007 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın müxalifət partiyaları ölkədə mövcud siyasi vəziyyətlə bağlı Avropa Şurasının yanvar sessiyasına ümumi müraciət ünvanlayacaq. Bu barədə Trend ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məlumat verib.

Beş müxalifət nümayəndəsi - ADP sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov, AMİP təmsilçisi Əli Orucov, Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu çərşənbə axşamı toplantı keçiriblər və AŞ-yə vahid sənəd göndərmək barədə razılığa gəliblər.

Cəlaloğlu bilidrib ki, sənəddə Azərbaycanda insan haqları sahəsindəki çatışmazlıqlar, sosial, iqtisadi problemlər göstəriləcək: "Sənəddə Avropa Şurasından xahiş olunacaq ki, Azərbaycana siyasi məhbuslarla bağlı məruzəçi təyin etsin, Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin hamısını yerinə yetirməsini tələb etsin. Həmçinin xahiş edəcəyik ki, iqtidarın Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Venesiya Komissiyasının tövsiyələrini, müxalifətin təkliflərini qəbul etməsi üçün təsir göstərsin"-deyə Cəlaloğlu bildirib.

ADP sədri əlavə edib ki, müraciət ilkin olaraq beş müxalifət partiyası tərəfindən hazırlansa da, imzalanmaq üçün açıq olacaq və digər partiyalara da təqdim ediləcək: "Biz müraciəti "Azadlıq" blokuna və digər siyasi qurumlara təqdim edəcəyik ki, bu, ümumilikdə müxalifətin mövqeyini əks etdirən bir sənəd olsun"-deyə Cəlaloğlu bildirib.

Sağ təmayüllü ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti