...

Müxalifət liderinin keçmiş tərəfdarları seçkidə ona dəstək verməyəcəklər

Siyasət Materials 16 Yanvar 2008 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyası builki prezident seçkisində özünün keçmiş lideri Rəsul Quliyevə dəstək verməyəcək.

"Ən az ehtimal edilən məsələ bizim seçkidə Rəsul Quliyevi dəstəkləməyimiz ola bilər" - deyə ADP sədri Sərdar Cəlaloğlou Trend ə açıqlamasında bildirib.

Müxalifətçi ADP-nin keçmiş lideri Quliyev 2003-cü ildə partiyanın prezidentliyə namizədi olub, sonradan namizədliyini Müsavat başqanı İsa Qəmbərin xeyrinə geri götürüb. ADP 2006-cı ilin əvvəlində Cəlaloğlu və Quliyevin tərəfdarlarına bölünüb. Quliyevin tərəfdarları Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Cəlaloğlu bildirib ki, ADP üzvləri Quliyevin partiyası ilə əməkdaşlığa maraq göstərmirlər. Onun fikrincə, Quliyevin partiyası və tərəfdarları hazırda dağınıq vəziyyətdədir və cəmiyyətdə hələlik öz yerlərini tuta bilməyiblər: "Ona görə də Rəsul Quliyevlə əməkdaşlıq, yaxud onun namizədliyini dəstəkləməyimiz real deyil" - deyə Cəlaloğlu bildirib.

Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyası da prezident seçkisində ADP-nin namizədini dəstəkləməyi mümkün saymır. ACP sədri Akif Şahbazov Trend ə açıqlamasında bildirib ki, onlar bu seçkidə heç bir başqa namizədə dəstək verməyəcəklər. ACP-nin Nizamnaməsində qeyd olunub ki, partiyanın lideri prezident seçkilərində ACP-nin namizədidir.

"Rəsul Quliyev 2003-ci ilin prezident seçkisində Müsavat Partiyasının namizədinə dəstək verdi. Növbəti dəfə Rəsul Quliyev namizədliyini heç kimə güzəştə getməyəcək" - deyə Şahbazov bildirib. Əlavə edib ki, ADP-nin indiki sədri Cəlaloğlu və tərəfdarları Quliyevə qarşı çıxdığından onlarla əməkdaşlığı mümkün saymır.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Azərbaycanın eks-spikeri Quliyev 1998-ci ildən 2006-cı ilin fevralınadək ADP-nin sədri olub. Partiya ötən ilin yanvarında hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kurs qəbul edib. Buna etiraz olaraq Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti