...

Müxalifətin prezidentliyə namizədləri arasında ilkin seçki keçirilməsi təklifi birmənalı qarşılanmır

Siyasət Materials 5 Fevral 2008 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral / Trend , müxbir S.İlhamqızı/Müsavat Partiyası müxalifətdən olan prezidentliyə namizədlər arasında ilkin seçki yolu ilə ən şanslı namizədin müəyyənləşdirilməsinin tərəfdarıdır. Bu barədə Trend ə İsa Qəmbər açıqlama verib.

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Müxalifət düşərgəsindən Müsavat, Ümid, Böyük Quruluş və digər partiyalar prezident seçkisində öz namizədi ilə iştirak edəcəyini açıqlayıb.

Azərbaycan Naminə İctimai Forumun rəhbəri, Azərbaycanın Prezident Katibliyinin keçmiş rəhbəri Eldar Namazovun seçkidə namizəd olacağı gözlənilir.

Namazov Trend ə açıqlamasında bildirib ki, müxalifət düşərgəsindən olan namizədlər açıq rəqabətə girməli, onlar arasında ilkin seçki yolu ilə prezidentliyə ən şanslı namizəd müəyyənləşməlidir: "Bu zaman iddialılar öhdəlik götürməlidirlər ki, praymerizin nəticəsini qəbul edəcəklər. Ən şanslı namizədə güzəştə getməyə, ən məntiqli seçim etməyə hamı hazır olmalıdır" -deyə Namazov bildirib.

İsa Qəmbər isə bildirib ki, praymeriz ideyasını Azərbaycanın siyasi təcrübəsinə məhz Müsavat Partiyası gətirib: "Bu mövzuda bizimlə müzakirəyə ehtiyac yoxdur. Praymeriz ideyasını Azərbaycan nəzəriyyəsinə gətirən biz olmuşuq. 2000-ci ildə parlament seçkisi öncəsi Müsavat Partiyası öz namizədlərini müəyyənləşdirmək üçün partiya daxilində praymeriz keçirib. 2001-ci ilin prezident seçkisində də məhz mən bütün siyasətçilərə təklif etmişəm ki, prezidentliyə namizədi praymerizlə müəyyənləşdirək. Bu baxımdan Müsavat Partiyası hər zaman praymerizə hazırdır" -deyə Müsavat başqanı bildirib.

Müxalifətçi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə, hesab edir ki, prezident seçkisində müxalifət düşərgəsindən bir neçə namizədin olması heç də ziyanlı deyil. ADP sədri Trend ə açıqlamasında bildirib ki, seçkidə bir-birilərinə rəqib olsalar da, müxalifətçi namizədlərin əməkdaşlığını yatarmaq mümkündür. Onun fikrincə, seçkidə vahid namizədi müəyyənləşdirmək cəhdləri müxalifətə daha çox ziyan vuracaq.

Müxalifətçi Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu da hesab edir ki, vahid namizəd ideyası müxalifəti daxildən parçalayır: "Ona görə də praymeriz keçirməyə ehtiyac yoxdur. Əksinə, müxalifət prezident seçkisində bir neçə namizədlə iştirak edərsə, seçki saxtakarlığının da qarşısı alınar və seçkinin II turunun keçirilməsi baş tuta bilər. Seçkinin II turunda isə, müxalifətin vahid namizədini müəyyənləşdirmək olar" -deyə Tərəqqi Partiyasının sədri bildirib.

Xəbər lenti

Xəbər lenti