...

Azərbaycan fövqəladə hallar naziri qəzaya uğrayan MiQ-29-un axtarışlarının uzanmasını havaların qeyri-sabit keçməsi ilə əlaqələndirib

Siyasət Materials 7 Fevral 2008 18:06 (UTC +04:00)
Azərbaycan fövqəladə hallar naziri qəzaya uğrayan MiQ-29-un axtarışlarının uzanmasını havaların qeyri-sabit keçməsi ilə əlaqələndirib

Azərbaycan, Lənkəran, 07 fevral / Trend müxbir P.Əliyeva/ Azərbaycan fövqəladə hallar naziri yanvarın 29-da qəzaya uğrayan MİQ-29 hərbi təyyarəsinin axtarışlarının uzanmasını havaların qeyri-sabit keçməsi ilə əlaqələndirib. "Hərbi təyyarə qəzaya uğradıqdan sonra havaların qeyri-sabit keçməsi həlak olan pilotların yerini müəyyənləşdirməkdə çətinlik yaradıb"- cümə axşamı Lənkəranda jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Yanvarın 29-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi təlim uçuşu keçirərkən qəzaya uğrayıb. Nəticədə, təyyarədə olan hər iki pilot-Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. MİQ-29 tipli təyyarləri müxtəlif illərdə təlim uçuşu həyata keçirərkən Rusiya, Malaziya, Peru, Slovakiya və Ermənistanda da qəzaya uğrayıb.

Heydərov bildirib ki, təyarrənin qalıqları və pilotların cəsədləri tapılana qədər axtarışlar davam edəcək və fevralın 6-dan axtarışların əhatə dairəsi genişləndirilib,

MİQ -29 təyyarəsi Rusiya istehsalıdır və 1971-ci ildən istehsal olunur, dördüncü nəslə aiddir. MİQ-lər Azərbaycan hava sərhədlərini qorumaq və hava döyüşlərində üstünlük qazanmaq üçündür. Dördüncü nəsil MİQ-29 NATO təsnifatına görə "Fulcrum" adlandırılır. Təyyarənin uzunluğu 14.8 metr, qanadlarının uzunluğu 11.4 metr, hündürlüyü 4.3 metrdir. Təyyarənin hərbi sursatla birgə çəkisi 15 min 300 kiloqramdır. Maksimal sürət 2400 kilometr/saatdır. Təyyarə maksimum 18 min metr yüksəkliyə qalxa və 2100 kilometr məsafəni qət edə bilir. "Fulcrum"un 30 millimetrlik QŞ-301 tipli topu var. QŞ-301 dəqiqədə 1500 atış edir. Təyyarə UR-60 və R-27 tipli raketlərlə təchiz edilib. MİQ-29 230-240 kilometrdən hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti