...

Hakim partiya AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisinə qarşı etirazları çirkin kampaniya hesab edir

Siyasət Materials 13 Fevral 2008 14:56 (UTC +04:00)
Hakim partiya AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisinə qarşı etirazları çirkin kampaniya hesab edir

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə yeni həmməruzəçisi Yevgeniya Jivkovanın müdafiəsinə qalxıb. "Hesab edirik ki, müxalifətçilər və bəzi hüquq-müdafiəçiləri Jivkovanın söylədiyi fikirlərə qarşı çirkin kampaniyanı əbəs yerə aparırlar və bununla da özlərini biabır edirlər" çərşənbə günü Trend ə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, hüquq-müdafiəçiləri Leyla Yunus, Arzu Abdullayeva Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə yeni həmməruzəçisi Jivkovanın həbsdə olan jurnalistlərin siyasi qüvvələrlə yaxınlığına dair fikirlərinə ciddi etiraz ediblər və onunla bağlı müraciət göndəriblər. Müsavat Partiyasının Divanının sonuncu toplantısındakı müzakirələr zamanı isə Jivkovanın iqtidara yaxın həmməruzəçi olduğu vurğulanıb.

Qurbanlı bildirib ki, həmməruzəçi Azərbaycanda mətbuatın tam siyasiləşdiyini söyləyib və bunun yaxşı hal olmadığını qeyd edib. "Jivkovanın söylədiyi fikirlər yeni deyil və Avropa standartlarına uyğundur. Müxalifətin ona hücum etməsi, bu düşərgənin məsələyə obyektiv yanaşan xarici nümayəndələrə qarşı dözümsüzlüyünün, hövsələsizliyinin bariz nümunəsidir. Sözdə mətbuat azadlığından dəm vuran müxalifət nümayəndələri indi xanım Jivkovaya qarşı hücuma keçiblər. Hətta onun həmməruzəçilikdən getməsi ilə bağlı tələblər ortaya qoymaq istəyirlər" Qurbanlı əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanı sevən, buradakı vəziyyəti obyektiv dəyərləndirən, Azərbaycanın inkişafını qeyd edən xarici ölkə nümayəndələrinə, beynəlxalq təşkilatların təmsilçilərinə müxalifətin bu qədər qısqanc yanaşması düzgün mövqe deyil. "Kim ki, Azərbaycanla bağlı müsbət fikir söyləyir, ona qarşı hücum edirlər. Bütün bunlar müxalifətin iç üzünü bir daha cəmiyyətə açır. Müxalifət Azərbaycan sevgisindən uzaq olan, ölkədə vəziyyəti daim pis göstərməyə çalışan bir qrupdur. Onlar müxalifətçilikdən çox, böhtançılıqla məşğul olan qrupa bənzəyir. Bu səbəbdən də xanım Jivkovaya qarşı bu cür qara piarın təşkili yolverilməz sayılmalıdır" YAP funksioneri vurğulayıb.

Qurbanlı yeni həmməruzəçinin Azərbaycan hakimiyyətinə yaxınlığı fikrini də rədd edib. "Birinci dəfə deyil ki, onlar belə söz işlədirlər. Onlar yeri gəlsə, Azərbaycan prezidentinin ölkə haqqında müsbət fikrinə də belə qiymət verirlər. ABŞ rəsmilərinin hər hansı müsbət fikrini dərhal neft amili ilə bağlayırlar. Bəs hakimiyyəti tənqid edəndə niyə başqa amilin olduğunu demirsiniz? Xanım Jivkovanı Azərbaycan hakimiyyəti ilə bağlamaq, ona şər atmaq tamam yersizdir. Ümumiyyətlə, kim Azərbaycanın mövqeyini müdafiə edirsə, o dəqiqə bizim müxalifət həmin şəxsin ələ alındığı barədə cəfəng fikirlər irəli sürür" YAP icra katibinin müavini söyləyib.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti