...

Azərbaycan Kosovonun müstəqilliyi məsələsində bitərəf qalacaq

Siyasət Materials 16 Fevral 2008 12:26 (UTC +04:00)
Azərbaycan Kosovonun müstəqilliyi məsələsində bitərəf qalacaq

Azərbaycan, Bakı, 16 fevral / Trend İ.Əlizadə/ ATƏT Parlament Assambleyasının qış sessiyasında Kosovonun müstəqilliyinin tanınması məsələsi müzakirə olunan zaman Azərbaycan bitərəf qalacaq. "Sessiyada Azərbaycanı təmsil edəcək nümayəndə heyəti Kosovonun gələcək statusu ilə bağlı səsvermə keçirilən zaman bitərəf mövqe tutacaq. Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələrdən sonra müzakirələrdə bitərəf qalmaq qərara alınıb" - deyə cümə günü Trend ə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsindən bildirilib.

1999-cu ildən formal olaraq Serbiya ərazisinin bir hissəsi olan Kosovo BMT-nin tabeçiliyindədir. Cümə günü Kosovo parlamenti bir sutka ərzində vilayətin Serbiyadan ayrılaraq müstəqilliyinin elan edilməsinə icazə verib. Avropa Birliyi və bir sıra Qərb ölkələri Kosovonun müstəqilliyini tanımağa hazır olduğunu bildirib. Lakin rəsmi Belqrad vilayətə yalnız muxtariyyat verməyə hazırdır. Rusiya BMT-nin əsasnaməsini pozaraq Belqradın sərhədlərin dəyişdirilməsini istisna edən mövqeyini dəstəkləyib.

Milli Məclisdən qeyd olunub ki, Azərbaycanı təmsil edən millət vəkilləri ATƏT PA-nın sessiyasında çıxış etməyəcəklər və Kosovo ilə bağlı məsələyə münasibət bildirməyəcəklər. Əgər Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri Kosovonu Dağlıq Qarabağla eyniləşdirməyə cəhd göstərərlərsə Azərbaycan deputatları çıxış edib, buna cavab verəcəklər.

"Ancaq Azərbaycan tərəfində olan məlumata görə, Ermənistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq erməni deputatlar ATƏT PA-nın qış sessiyasına gəlməyəcəklər" - deyə məlumatda qeyd olunub.

ATƏT Parlament Assambleyasının qış sessiyası fevralın 21-22-də Vyanada keçiriləcək. Sessiyada Kosovo məsələsi və "Avropada adi silahlı qüvvələrə dair" müqavilənin şərtlərinə əməl olunması məsələsi müzakirə ediləcək.

Sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinə deputatlar Eldar İbrahimov, Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev və Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İlqar Fərzəliyev daxildir.

Nümayəndə heyəti fevralın 18-də Vyanaya yola düşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ü[email protected]

Xəbər lenti

Xəbər lenti