...

ATƏT Parlament Assambleyasının gündəliyi açıqlanıb

Siyasət Materials 18 Fevral 2008 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , İ.Əlizadə/ ATƏT Parlament Assambleyasının (ATƏT PA) Vyanada keçiriləcək qış sessiyasının gündəliyi açıqlanıb. "ATƏT Parlament Assambleyasının iclasında Kosovo məsələsi, "Avropada adi silahlı qüvvələrə dair" müqavilənin şərtlərinin yerinə yetirilməsi və raket əleyhinə müdafiə məsələləri müzakirə olunacaq" - deyə bazar ertəsi Trend ə açıqlamasında Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova bildirib.

Onun sözlərinə görə, sessiyada ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkki Kanerva, Avstryanın Milli Şurasının sədri Barbara Prammer, ATƏT-in baş katibi Hans Raydelya, ATƏT PA-nın nümayəndəsi Marka Perrena de Brişambo, ATƏT PA-nın baş katibi Spensera Olivera çıxış edəcəklər.

Aslanova qeyd edib ki, sessiya çərçivəsində ATƏT PA-nın hər üç komitəsinin -Siyasi və təhlükəsizlik məsələləri üzrə Komitənin, İqtisadi, elm texnologiya və ətraf mühit üzrə Komitənin və Demokratiya, insan haqları və humanitar məsələlər üzrə Komitənin iclası keçiriləcək.

ATƏT PA-nın qış sessiyası fevralın 21-22-də Vyanada keçiriləcək.

Sessiyada Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə deputatlar Rəbiyyət Aslanova, Eldar İbrahimov, Fəttah Heydərov, Azay Quliyev və Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İlqar Fərzəliyev daxildir.

Nümayəndə heyəti bu gun Vyanaya yola düşəcək.

Xəbər lenti

Xəbər lenti