...

Parlament rəhbərliyi ilə Mədəniyyət komissiyası arasında fikir ayrılığı yaranıb

Siyasət Materials 25 Fevral 2008 16:51 (UTC +04:00)
Parlament rəhbərliyi ilə Mədəniyyət komissiyası arasında fikir ayrılığı yaranıb

Azərbaycan, Bakı, 25 fevral / " müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin rəhbərliyi ilə Mədəniyyət komissiyası arasında fikir ayrılığı yaranıb. Parlamentin vitse-spikeri hesab edir ki, Mədəniyyət komissiyasının hazırladığı "Yaradıcı şəxslər və yaradıcı ittifaqlar haqqında" qanun layihəsi hazırda qüvvədə olan digər qanunlarla ziddiyyət təşkil edir. "Ona görə də bu qanun qəbul oluna bilməz" - deyə Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının bazar ertəsi keçirilən iclasında vitse-spiker Valeh Ələsgərov bildirib.

Komissiyanın iclasında "Yaradıcı şəxslər və yaradıcı ittifaqlar haqqında" qanun layihəsi ikinci oxunuşda Milli Məclisdə baxılması üçün müzakirə olunub.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisdə qəbul olunub.

Layihədə yaradıcı şəxslər və təşkilatların dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub.

Ələsgərov hesab edir ki, qanun layihəsinin bir sıra maddələri bir-biri ilə ziddiyyət təşkil edir.

"Bundan başqa, qanun layihəsi Azərbaycan qanunvericiliyi, konkret olaraq "Büdcə sistemi haqqında" qanunun 2.2-ci maddəsi, "Qeyri-Hökumət Təşkilatları haqqında" qanun, Vergi Məcəlləsinin 2.4-cü maddəsi və QHT-lərə dövlət dəstəyi haqqında Konvensiya ilə ziddiyyət təşkil edir. "Yaradıcı şəxslər və yaradıcı ittifaqlar haqqında" qanun layihəsinin qəbul olunması üçün bu qanunlarda dəyişikliklər edilməlidir. Bununla bağlı layihə hazırlayın" - deyə vitse-spiker əlavə edib.

O bildirib ki, qanun layihəsində yaradıcı təşkilatların dövlət tərəfindən maliyyələşdirilməsinin nəzərdə tutulması gələcəkdə ciddi problem yarada bilər: "Hazırda bir Yazıçılar Birliyi fəaliyyət göstərir. Sabah yazıçıların təmsil olunduğu təşkilatların sayı beş ola bilər. Onda dövlət bu birliklərdən hansını maliyyələşdirməlidir. Əgər onlardan birinə maliyyə ayrılsa və digərləri kənarda qalsa, onlar məhkəməyə müraciət edəcəklər. İş İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə qədər gedib çıxacaq və sonda Azərbaycan dövləti cərimə olunacaq".

Mədəniyyət komissiyasının üzvü, qanun layihəsinin müəllifi olan deputat Rafael Hüseynov isə vitse-spikerin fikirləri ilə razılaşmayıb.

"Başa düşmürəm ki, yaradıcı şəxslərə və yaradıcı təşkilatlara belə ögey münasibət haradan qaynaqlanır. Bu qanunun böyük siyasi əhəmiyyəti var" - deyə deputat əlavə edib.

Komissiyanın sədri Nizami Cəfərov qanun layihəsinin Parlamentdə qəbul olunması üçün vitse-spikerdən dəstək istəyib. Cəfərov qeyd edib ki, rəhbərlik etdiyi komissya büdcə haqqında qanuna və Vergilər Məcəlləsinə dəyişiklik etmək gücündə deyil.

Maliyyə Nazirliyinin idarə rəisi Xəqani Rzayev də bildirib ki, təmsil etdiyi nazirlik qanun layihəsinin qəbul olunmasının əleyhinədir.

Sonda komissiya qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması haqqında qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti