...

Azərbaycandan AİHM hakimliyinə təqdim edilən namizədlərin siyahısı martın əvvəlində müzakirə olunacaq

Siyasət Materials 29 Fevral 2008 10:10 (UTC +04:00)
Azərbaycandan AİHM hakimliyinə təqdim edilən namizədlərin siyahısı martın əvvəlində müzakirə olunacaq

Fransa, Strasburq, 28 fevral / Trend müxbir A. Məhərrəmli/ Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) Azərbaycandan təqdim olunan namizədlərin siyahısına martın 6-7-də Parisdə Hakimlərin seçilməsi üzrə Alt komitənin iclasında baxılacaq. Bu barədə "Trend "ə Avropa Şurası Parlament Assambleyasının(AŞPA) İnsan Hüquqları və Hüquqi İşlər Komitəsinin katibi Andrey Drzemjevski məlumat verib. Onun sözlərinə görə, Azərbaycan tərəfindən göndərilən siyahı artıq AŞPA-nın sədrinə və qurumun Nazirlər Komitəsinə təqdim olunub. Məlumatda namizədlərin artıq müsahibə üçün Alt Komitənin iclasına dəvət edildiyi və müzakirənin martın 7-də günün ikinci yarısında olacağı bildirilir.

Komissiya katibi həmçinin əlavə edib ki, sözügedən komitənin gəldiyi nəticə və təkliflər AŞPA-nın Bürosuna təqdim ediləcək. Bununla belə, Drzemjevski bu məsələnin Büronun martın 13-də Parisdə keçiriləcək iclasında və ya AŞPA-nın yaz sessiyasının ilk günündə müzakirə edilib-edilməməsinə aydınlıq gətirməyib. "Alt Komitə ola bilsin ki, digər ölkələrdən təqdim edilən namizədlərlə müsahibə aparacaq və yekun məruzəni aprel ayının 14-də Büroya təqdim edəcək. Belə olan təqdirdə hakimlərin seçilməsi aprel ayının 15-16-da baş tutacaq"- deyə o bildirib.

Azərbaycandan AİHM hakimliyinə üç nəfərin namizədliyi irəli sürülüb. Bunlar AİHM-də hazırkı hakim Xanlar Hacıyev, Rövşən İsmayılov və Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Səadət Yusifovadır.

AŞPA Bürosu hakimlərin seçilməsi üzrə Alt Komitənin təkliflərini nəzərə alaraq qurumun qış sessiyası ərəfəsində Azərbaycandan AİHM hakimliyinə təqdim edilən namizədlərin siyahısının ikinci dəfə geri qaytarılması haqqında qərar qəbul etmişdir.

Xəbər lenti

Xəbər lenti