Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir S.İlhamqızı/ ATA bloku ("Azərbaycan Tərəqqi Alyansı") bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisində blokun sədri Çingiz Dəmiroğlunun namizədliyinin irəli sürülməsinə qərar verib. Bu barədə Trend ə Dəmiroğlu özü məlumat verib.
"Mən seçkidə namizəd olub-olmayacağım, yaxud hansısa namizədə dəstək verəcəyim barədə öz qərarımı ATA blokunun Rəyasət Heyətinə bildirəcəm" - deyə Dəmiroğlu bildirib.
O əlavə edib ki, müxalifət düşərgəsində ən şanslı hesab etdiyi namizədi dəstəkləməsi mümkündür. Onun fikrincə, şanslı namizədlər hazırda beş partiyanın əməkdaşlıq etdiyi məşvərət qurumunda təmsil olunurlar.
Azərbaycan Naminə İctimai Forumun, ADP, AMİP, Tərəqqi, Müsavat partiyalarının rəhbərləri mütəmadi toplanaraq müzakirələr aparırlar.
Dəmiroğlunun sözlərinə görə, Tərəqqi və Müsavat partiyaları arasında 2003-ci ildə əməkdaşlığa dair saziş imzalanıb və indiyədək də qüvvədədir.
O bildirib ki, bu beş müxalifət təşkilatı prezident seçkisi ilə bağlı yaxın günlərdə ümumi qərara gələcək. "Beşlər"in iştirakı ilə seçki blokunun yaradılması gözlənilir.
ATA blokunda 21 müxalifət partiyası təmsil olunur. Onlardan 9-u dövlət qeydiyyatına alınmış partiyalardır.