Bakı. Trend:
Görmə qabiliyyətinin pisləşməsi adətən ilkin mərhələdə bəzi əlamətlərlə özünü göstərir, lakin bir çox insan bunları sadəcə göz yorğunluğu kimi qiymətləndirir.
Trend xəbər verir ki, bu əlamətlərin nədən ibarət olduğu və hansı hallarda həkimə müraciət etməyin vacib sayıldığı barədə rusiyalı oftalmoloq Olesya Pşeniçkina “İzvestiya” qəzetinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, əvvəlcə adətən görmə kəskinliyi yox, gözlərin "dözümlülüyü" dəyişir. Gözlər daha tez yorulur, günün sonuna yaxın gərginlik hissi artır və mətni fokusda saxlamaq çətinləşir. Ekrana baxdıqdan sonra görüntü bir qədər bulanıq görünə bilər. Tez-tez göz quruluğu yaranır, sanki gözə qum düşmüş kimi hiss edilir və bu səbəbdən insan gözlərini ovuşdurmaq istəyir.
Pşeniçkina qeyd edib ki, bununla yanaşı gündəlik həyatda müəyyən kompensasiya davranışları da meydana çıxır. İnsan telefon ekranının parlaqlığını artırır, daha böyük şrift seçir, mətni gözündən uzaqlaşdırır, monitora daha yaxın oturur və ya kinoteatrda ön sıralarda yer tutmağa çalışır. Onun sözlərinə görə, bu dəyişikliklər sadəcə vərdiş deyil, görməni yeni korreksiya olmadan əvvəlki səviyyədə saxlamağa cəhd kimi qiymətləndirilir.
Həkim əlavə edib ki, tez-tez göz qıymaq görmənin yetərincə korreksiya olunmamasına, astiqmatizmə və ya quru göz sindromuna işarə edə bilər.
Pşeniçkinanın sözlərinə görə, gözlərin tez yorulması çox vaxt bir neçə amilin təsiri ilə bağlıdır. Xüsusilə uzun müddət ekrana yaxın məsafədən baxaraq işləmək göz qırpma sayını azaldır və nəticədə gözün qoruyucu göz yaşı qatı daha tez quruyur. Bu isə yanma hissi, yaşarma və qızartıya səbəb olur. Bundan əlavə, eynək və ya linzalar düzgün seçilmədikdə, uzun müddət yenilənmədikdə və ya şüşələri cızıldıqda, göz fokuslama üçün daha çox işləməli olur və gərginlik artır.
O vurğulayıb ki, ən təhlükəli səhvlərdən biri qəfil yaranan işıq parıltılarını və görmə sahəsində pərdə və ya kölgə hissini nəzərə almamaqdır. Bu əlamətlər torlu qişa ilə bağlı problemə işarə edə bilər və belə hallarda vaxtında həkimə müraciət etmək xüsusilə vacibdir.