...

İranın yeni Ali Lideri seçilib

Dünya xəbərləri Materials 9 Mart 2026 01:13 (UTC +04:00)
İranın yeni Ali Lideri seçilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın öldürülən Ali Lideri Ayətullah Seyid Əli Xameneinin oğlu Muctaba Hüseyni Xamenei İranın yeni Ali Lideri seçilib.

Trend xəbər verir ki, Muctaba Hüseyni Xamenei 1969-cu ildə Məşhəd şəhərində anadan olub. İlk təhsilini dini mədrəsədə alıb. 1999-cu ildə Qum şəhərində dini təhsilini davam etdirib və ruhanilik səviyyəsinə yüksəlib.

1999-cu ildə mühafizəkar siyasətçi, Məsləhət Şurasının üzvü Qulaməli Həddad Adilin qızı Zəhra ilə evlənib, 2 oğlu, bir qızı var. Həyat yoldaşı ABŞ və İsrailin 28 fevralda İrana hücumu nəticəsində ölüb.

Muctaba Xamenei İraq-İran müharibəsi (1980-1988) illərdə İran İslam İnqilabı Korpusu (SEPAH) tərkibində döyüşüb və SEPAH-da nüfuza sahib olduğu bildirilir. Müharibə dövründəki əlaqələri onun sonradan nüfuzunun artması ilə nəticələnib. Sonradan İranın Bəsic (milis) qüvvələrində də nüfuzunun böyük ölçüdə artdığı bildirilir.

2005 və 2009-cu illərdə İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın əsas tərəfdarlarından biri olub və onun prezident seçilməsinə dəstək verib.

56 yaşlı Muctaba Xamenei çox nadir hallarda ictimai məkanlarda müşahidə olunur. Heç vaxt rəsmi olaraq siyasi vəzifəsi olmayıb. Lakin İranın hazırkı strukturunda əsasən təsiredici simalardan biri kimi tanınır.

O, uzun illər İranın Ali Liderinin ofisində fəaliyyət göstərib. Onun mövqeyi adətən İran İslam İnqilabının banisi Ruhulla Xomeyninin oğlu Əhməd Xomeyni ilə müqayisə olunub. Çünki Əhməd Xomeyni İslam İnqilabından sonrakı ilk illərdə Ruhulla Xomeyninin etimad etdiyi şəxslərdən biri olub.

Xəbər lenti

Xəbər lenti