Bakı. Trend:
ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranın şimalında yerləşən Əlborz vilayətində neft anbarının vurulması nəticəsində 6 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Əlborz vilayəti valisinin müavini Qüdrətulla Seyf yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində 21 nəfər yaralanıb.
Seyf bildirib ki, neft anbarının vurulması nəticəsində baş verən yanğının gələn bir neçə saat ərzində tam şəkildə söndürülməsi nəzərdə tutulub.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.
