...

İran istiqamətindən təhlükəsizlik çağırışları artır - Azər Qarayev

Siyasət Materials 7 Mart 2026 22:15 (UTC +04:00)
İran istiqamətindən təhlükəsizlik çağırışları artır - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Son dövrlərdə baş verən hadisələr İran-Azərbaycan münasibətlərində gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Azərbaycanın təhlükəsizlik orqanlarının açıqladığı məlumatlar və regionda baş verən hadisələr rəsmi Tehranın ölkəmizə qarşı müxtəlif vasitələrlə destabilizasiya cəhdlərini davam etdirdiyini ortaya qoyur. Bu bir daha göstərir ki, İran istiqamətindən təhlükəsizlik çağırışları artır.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli şəxslərin Azərbaycanda bir sıra terror-təxribat aktları planlaşdırdığı müəyyən edilib. İstintaq materiallarına görə, bu planların əsas məqsədi ölkədə sabitliyi pozmaq, cəmiyyət arasında vahimə yaratmaq və Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq olub. Planlaşdırılan hücumların hədəfləri arasında strateji və həssas obyektlər yer alıb. Belə ki, Bakı–Tbilisi–Ceyhan neft kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Bakıda fəaliyyət göstərən Aşkenazi sinaqoqu və Dağ Yəhudiləri dini icmasının nümayəndələrindən biri terror planlarının potensial hədəfi kimi müəyyən edilib. İstintaq çərçivəsində məlum olub ki, ölkə ərazisinə bir neçə partlayıcı qurğu, o cümlədən “C-4” tipli güclü partlayıcı maddələr keçirilib və müxtəlif gizli yerlərdə saxlanılıb.

DTX-nın müdaxiləsi nəticəsində həmin partlayıcıların istifadəsinin qarşısı alınıb. Araşdırmalar göstərib ki, terror planlarının koordinasiyası İran xüsusi xidmət strukturları ilə birbaşa əlaqəli şəxslər tərəfindən həyata keçirilib. Bu əməliyyatların arxasında SEPAH-ın kəşfiyyat strukturlarının dayandığı və prosesdə İran vətəndaşlarının fəal iştirak etdiyi müəyyən olunub. Onların bir qismi Azərbaycanda cinayətkar əlaqələr yaradaraq yerli vətəndaşları müxtəlif vədlər və maddi təkliflər müqabilində bu planlara cəlb etməyə çalışıb. İstintaq materiallarında qeyd olunur ki, bəzi hallarda terror aktlarının icrası üçün on minlərlə dollar məbləğində vəsait vəd edilib. Bundan əlavə, Azərbaycanda ictimai xadimlərdən birinə qarşı sui-qəsd planının hazırlandığı, həmin şəxsin iş yerinin müşahidə edildiyi və foto-video materialların toplandığı da müəyyən edilib", - o bildirib.

Onun sözlərinə görə, bu hadisələr İranla bağlı təhlükəsizlik risklərinin təkcə kəşfiyyat fəaliyyəti ilə məhdudlaşmadığını, həm də birbaşa terror və təxribat planları ilə müşayiət olunduğunu göstərir.

"Rəsmi Bakı uzun müddətdir ki, regionda sabitliyin qorunması və qonşu ölkələrlə qarşılıqlı hörmət prinsipləri əsasında münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduğunu bəyan edir. Lakin son hadisələr göstərir ki, bəzi qüvvələr regionda gərginliyi artırmaq və Azərbaycan daxilində sabitliyi pozmaq niyyətindən əl çəkməyiblər. Xüsusilə son dövrlərdə İran istiqamətindən gələn təhlükəsizlik çağırışları daha qabarıq şəkildə özünü göstərir. Məsələn, bir neçə gün öncə Naxçıvan istiqamətində mülki infrastruktura qarşı İranın dron hücumu. Bu hadisə bir daha göstərir ki, İran tərəfindən Azərbaycan əleyhinə müxtəlif formalarda təzyiq və təxribat cəhdləri davam edir. Terror planlarının hədəfi kimi həm enerji infrastrukturu, həm diplomatik nümayəndəliklər, həm də dini icmaların seçilməsi təsadüfi deyil. Bu cür hədəflər ölkə daxilində sabitliyi pozmaq, beynəlxalq rezonans yaratmaq və Azərbaycanın tərəfdaşları ilə münasibətlərinə xələl gətirmək məqsədi daşıyır", - o bildirib.

A.Qarayev qeyd edib ki, bununla belə, təhlükəsizlik orqanlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində planlaşdırılan terror aktlarının qarşısının alınması dövlətin təhlükəsizlik sisteminin effektiv işlədiyini göstərir.

"Hazırda istintaq tədbirləri davam etdirilir və xarici xüsusi xidmət orqanları ilə əlaqəli digər şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır. Baş verənlər bir daha göstərir ki, regionda geosiyasi gərginlik fonunda Azərbaycan müxtəlif təhlükəsizlik çağırışları ilə üz-üzədir. Bununla belə, dövlət qurumlarının koordinasiyalı fəaliyyəti nəticəsində bu cür təhdidlərin qarşısının vaxtında alınması ölkənin sabitliyinin qorunmasında mühüm rol oynayır", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti