Bakı. Trend:
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi İrana məxsus pilotsuz uçuş aparatlarının Kiprdəki Akrotiri bazasına zərbə endirməsi fonunda adada terror aktları təhlükəsinin istisna edilmədiyini bildirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Nazirlikdən bildirilib ki, hücumlar kortəbii ola bilər və xarici vətəndaşların tez-tez olduğu yerləri də hədəfə ala bilər.
Xatırladaq ki, martın 2-də Böyük Britaniyanın müdafiə naziri Con Hili Britaniyanın Kiprdə yerləşən Akrotiri hərbi-hava qüvvələri bazasının pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını təsdiqləmişdi.
Martın 3-də isə Fransanın müdafiə məqsədilə Kiprə raketə və pilotsuz uçuş aparatlarına qarşı sistemlər, həmçinin freqat yerləşdirəcəyi məlum olub. Həmin gün Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonun adadakı hərbi bazasında təhlükəsizliyi gücləndirmək üçün helikopterlər və bir gəmi göndərdiyini açıqlayıb.
