Bakı. Trend:
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) açıqladığı yeni hesabat göstərir ki, son beş ildə Avropa ölkələri dünyanın ən böyük silah idxalçısı olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hesabata görə, Avropa dövlətləri Rusiyanın yaratdığı təhlükə və ABŞ-nin təhlükəsizlik öhdəliklərinə inamın azalması fonunda silah alışını kəskin artırıb. 2021–2025-ci illərdə Avropanın silah idxalı 2016–2020-ci illərlə müqayisədə üç dəfədən çox artıb.
SIPRI-nin məlumatına əsasən, hazırda qlobal silah idxalının 33 faizi Avropanın payına düşür. Bu göstərici əvvəlki beşillik dövrdə 12 faiz idi.
SIPRI Silah Transferi Proqramının direktoru Metyu Corcun sözlərinə görə, Avropa ölkələrinə silah axınının kəskin artması qlobal silah transferlərini təxminən 10 faiz yüksəldib.
Hesabatda qeyd olunur ki, Avropa ölkələri daxili istehsalı artırsa da, xüsusilə döyüş təyyarələri və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri üzrə ABŞ silahlarının alışını davam etdirir.
Eyni zamanda Yaxın Şərq ölkələrinin silah idxalı 13 faiz azalıb. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı və Qətər ən böyük dörd alıcı arasında qalır.
Təchizatçılar arasında ABŞ qlobal silah ixracındakı payını 36 faizdən 42 faizə yüksəldərək liderliyini möhkəmləndirib. Fransa 9,8 faizlə ikinci yerdə qərarlaşıb. Rusiyanın payı isə 2022-ci ildə Ukraynaya müdaxilədən sonra 21 faizdən 6,8 faizə düşüb.
Ümumilikdə Avropanın qlobal silah ixracındakı payı 28 faiz təşkil edir ki, bu da Rusiyanın göstəricisindən dörd, Çinin payından isə beş dəfə çoxdur.
