...

ABŞ-ın İrana hücuma başlaması realdır - Yurosevik Tədqiqat Fondunun sədri

Siyasət Materials 2 Aprel 2008 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / " Trend news ", müxbir D.Xatınoğlu/ ABŞ hərbi qüvvələrinin Fars körfəzində hazırlıq vəziyyətinə gətirilməsi regionda yeni müharibənin başlanma ehtimılını bir daha sübut edir. "ABŞ-ın yeni müharibəyə başlaması realdır" - deyə Britaniyanın Yurosevik (Yurosevik) Tədqiqat Fondunun sədri Piruz Müctəhidzadə "Trend New"a bildirib.

İranın "İntixab" qazeti "Information Clearing House" portalına istinadən xəbər verib ki, Rusiya kəşfiyyat orqanları ABŞ-ın İran sərhədindəki ordusunun hazırlıq vəziyyətinə gətirilməsi barədə bildirib. Həmçinin ABŞ-ın yaxın gələcəkdə İrana hücuma hazırlaşması, yeni hərbi təyyarələr və gəmiləri Fars körfəzinə yerləşdirməsi barədə xəbər verilib.

"ABŞ region ölkələrini işğal etmək planını davam etdirəcək" - deyə Tehran Universitetinin siyasi elmlər üzrə professoru Müctəhidzadə bazar ertəsi Londondan telefonla bildirib. Onun fikrincə, ABŞ İraqda yaranmış böhrandan qurtula bilmədiyindən, yeni müharibəyə hələ başlamaq istəməyib. Buna baxmayaraq, İrana hücum etməkdən vaz keçməyib.

"İraqda son gərginliyin yaranmasının səbəbi də birbaşa Amerikanın İrana hücumla bağlı hazırladığı planla əlaqədar olub. İraqda Ceyş əl-Mehdi təşkilatının iğtişaşların başlanmasında rolu olmayıb. İraqın Baş naziri Nuri əl-Maleki ABŞ-ın tapşırığı ilə Britaniya qüvvələrinin geri çəkildiyi zonalarda (Bəsrə) "Mehdi Ordusu"nu təxribata çəkərək yeni daxili müharibənin yaranmasına səbəb olub. ABŞ regionda öz üstünlüyünü göstərmək üçün bu iğtişaşda əl-Mehdi təşkilatının üzvlərini qırmağa bəhanə taparaq beynəlxalq ictimaiyyətə bu şiə təşkilatının İrandan əmr aldığını göstərmək istəyib. Bu ssenari İranın İraqa müdaxilələr etdiyini göstərmək üçün həyata keçirildi" - deyə Müctəhidzadə bildirib.

Müctəhidzadənin fikrincə, ABŞ-ın İran, yaxud Suriyaya hücumu həm regionda, həm də Amerikanın özündə böyük böhrana səbəb olacaq. "ABŞ İraqa hücum etməklə beynəlxalq nüfuzunu itirdi, hərbi qüvvələri zəiflədi və iqtisadiyyatında böyük problemlər yarandı. Həmin səhvi ört-basdır etmək üçün yeni müharibəyə başlaması isə daha dərin böhranlara səbəb olacaq" - deyə iranlı ekspert bildirib.

Xəbər lenti

Xəbər lenti