...

Azərbaycanda prezidentliyə namizədlərin kampaniyasına ayrılacaq vəsait artırılacaq

Siyasət Materials 2 May 2008 10:52 (UTC +04:00)
Azərbaycanda prezidentliyə namizədlərin kampaniyasına ayrılacaq vəsait artırılacaq

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycan Seçki Məcəlləsinə ediləcək dəyişikliklər nəticəsində namizədlərin kampaniyası üçün nəzərdə tutulan Seçki Fondunun vəsaiti artırılacaq. Bu barədə Trend -a Milli Məclisin Icra Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Seçki və səsvermə prosesinin təkmilləşdirilməsi üçün Venesiya Komissiyası ilə Azərbaycan hökumətinin birgə müzakirələri nəticəsində Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib.

Azərbaycanın Seçki Məcəlləsinin 191-ci maddəsinə əsasən, dövlət büdcəsindən prezidentliyə namizədlərin seçki kampaniyasına maliyyə vəsaiti ayrılır və bu məbləğ şərti maliyyə vahidinin bir milyon mislindən çox olmamalıdır. Səslərin 3 faizindən azını toplayan namizədlər həmin məbləği sonra dövlət büdcəsinə geri qaytarmalıdırlar.

Azərbaycanda şərti maliyyə vahidinin (1,1 manat) bir milyon misli - 100 min manat (83 min 200 ABŞ dolları) edir.

Sonuncu prezident seçkisində - 2003-cü ildə prezidentliyə namizədlərə dövlət büdcəsindən indiki yeni manatla 12 min manat (köhnə məzənnə ilə 60 milyon manat) vəsait ayrılmışdı.

Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər ki, builki prezident seçkisində namizədlərə nə qədər vəsait ayrılacağı hələlik məlum deyil.

Prezident seçkisində öz namizədi ilə iştiraka qərar vermiş müxalifətçi Azərbaycan Demokrat Partiyasında (ADP) hesab edirlər ki, buliki seçki kampaniyasında hər bir namizədin normal seçki kampaniyası üçün ən azı yarım milyon manat sərf olunmalıdır.

Seçkidə öz namizədi ilə iştirak edəcək müxalifətçi Müsavat Partiyasından da bildiriblər ki, dövlət buliki seçki kampaniyasına ayrılacaq vəsaiti xeyli artırmalıdır. "Müsavat Partiyası təklif edir ki, hökumət namizədlərin seçki kampaniyasına yarım milyon manat ayırsın. Amma bu məbləğ mütləq şəkildə verilməməli, sadəcə təklif olunmalıdır, çünki həmin məbləği yalnız səslərin 3 faizindən çoxunu toplaya biləcəyinə əmin olan namizədlər qəbul edə bilərlər"-deyə Müsavat Partiyasının Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı Trend -a açıqlamasında bildirib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər 2003-cü il prezident seçkisində də namizəd olmuşdu və Hacılının sözlərinə görə, o vaxt partiya seçki kampaniyasına 200-250 min dollar vəsait xərcləmişdi.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Trend -a açıqlamasında prezidentliyə namizədlərə ayrılacaq vəsaitin bir milyon manat qədər artırılmasını təklif edir.

Mirzəyev deyib ki, Seçki Fondunun vəsaitinin artırılmasında məqsəd namizədlərə seçki kampaniyası üçün ayrılan vəsaitin miqdarını artırmaqdır. Aparat rəhbəri namizədlərə ayrılacaq vəsaitin miqdarı ilə bağlı müxtəlif rəqəmlərin olduğunu desə də, konkret məbləğin Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra bəlli olacağını bildirib. Onun sözlərinə görə, Seçki Fondundan namizədlərin yalnız dövlət telekanalındakı kampaniyasına vəsait ayrılacaq. Özəl telekanallarda namizədlərin kampaniyasına dövlət qarışa bilməz. Mirzəyev prezident seçkisində bütün namizədlərə bərabər şəraitin yaradılması üçün ayrılacaq vəsaitin miqdarının eyni olacağını vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti