...

Seçki Monitorinq Mərkəzi fəaliyyətini davam etdirəcək

Siyasət Materials 15 May 2008 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı,15 may / Trend , müxbir M.Əliyev/ Məhkəmənin qərarı ilə qeydiyyatı ləğv olunmuş Seçki Monitorinq Mərkəzi öz fəaliyyətini qanunvericiliyə uyğun davam etdirəcək.

Bu barədə cümə axşamı SMM-in ləğvi ilə bağlı keçirilmiş mətbuat konfransında təşkilatın həmtəsisçisi Anar Məmmədli məlumat verib.

Bakının Xətai rayon məhkəməsi mayın 14-də Seçki Monitorinq Mərkəzinin qeydiyyatını ləğv edib.

Məhkəmə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin təşkilatın qeydiyyatının etibarsız hesab edilməsi və ləğv olunması barədə müraciətini müsbət cavablandırıb.

Məmmədli bildirib ki, mərkəz seçkilərin müşahidəsi, səslərin sayılma prosesinin izlənməsini, seçicilərin seçkilərə cəlb olunması üçün müvafiq tədbirlər həyata keçirəcək.

"Bu məqsədlə SMM-in nümayəndələri yaxın günlərdə paytaxtda və bölgələrdə əhali arasında sorğular və təşviqat işinə başlayacaq",-deyə Məmmədli vurğulayıb.

Azərbaycan Hüquqşünaslar Birliyinin sədri Ənnağı Hacıbəyli məhkəmənin qərarının dərhal icraya yönəlməsi barədə qərarı ədalətsiz sayıb.

Hacıbəyli Ədliyyə Nazirliyinin mərkəzin ləğvi ilə bağlı gətirdiyi əsasları da real hesab etmir.

Nazirlik SMM-in qeydiyyatının ləğvi barədə iddiasını təşkilatın təsis sənədlərində təsisçilər barəsindəki məlumatların qeyri-müəyyən olması, təşkilatın hüquqi ünvanının dəyişdirilməsi barədə məlumatın nazirliyə bildirilməməsi, SMM-in Azərbaycanın 8 şəhərində yerləşən nümayəndəlikləri barədə məlumatların dövlət reyestrinə daxil edilməməsi ilə əsaslandırıb.

SMM ilk dəfə 14 mart 2006-cı ildə qeydiyyata alınması üçün təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.

Nazirliyin müvafiq idarəsi texniki bəhanələr gətirərək təsis sənədlərini qeydiyyata almayıb və SMM-in dövlət qeydiyyatına alınmaq üçün müraciətindən 5 dəfə imtina olunub.

Bu ilin fevralında isə SMM dövlət qeydiyyatına alınıb.

SMM nümayəndəsi qərardan yuxarı məhkəməyə apellyasiya şikayəti verəcəklərini deyib.

Beynəlxalq təşkilatlar SMM-in ləğvi barədə məhkəmə qərarını pisləyən bəyanatlar verib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti