Azərbaycan, Bakı, 22 may / Trend , müxbir S.Ağayeva/ Azərbaycanda yaşayan gürcülər mayın 21-də Gürcüstanda keçirilən parlament seçkilərində iqtidarda olan partiyaya səs veriblər.
Gürcüstanın Azərbaycandaki səfirliyində təşkil olunan seçki məntəqəsində seçicilərin 79 faizi iqtidarda olan "Vahid Milli Hərəkat" partiyasına səs verib. Bu haqda səfirlikdən cümə axşamı bildirilib.
Seçicilərin səslərinin 21 faizi müxalifət partiyaları arasında bölüşdürülüb. Seçkilərdə Gürcüstanın Azərbaycanda müvəqqəti yaşayan cəmi 144 vətəndaşı iştirak edib.
Gürcüstanda keçirilən parlament seçkilərində iqtidarda olan "Vahid Milli Hərəkat" partiyası 59,78 faiz, "Birləşmiş müxalifət" bloku hazırkı məlumatlara görə, hələki 15,42 faiz səs toplayıb. Bu haqda Gürcüstanın Mərkəzi Seçki Komissiyasının saytı 409 məntəqənin bülletenləri nəzərdən keçirildikdən sonra məlumat yayıb.
Gürcüstanda cəmi 75 seçki dairəsi və 3475 seçki məntəqəsi təşkil olunub. Seçki məntəqələri həmçinin 14 ölkədə təşkil olunub.
Parlamentə daxil olmaq üçün lazımı beş faizlik səddi "Xristian-demokratik hərəkat" (8,46 faiz) və "Leyborist partiyası" (7,12 faiz) keçib.
Parlamentə səkkiz partiya keçə bilməyib. Onlardan yalnız ikisi bir faizdən artıq səs toplayıb - "Respublika partiyası" (3,82 faiz) və "Sağ Alyans" (1faiz).
Seçicilərin iştirak faizi təxminən 55 faiz təşkil edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend