Azərbaycan, Bakı, 23 may/ Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Müsavat Partiyasının daxilində aksiyalarla bağlı fikir ayrılıqları yaranıb. "Biz icazəsiz aksiyalar keçirmək üçün partiyanın yerli strukturları ilə bu həftənin birinci günündən etibarən müzakirələrə başlamışıq və hazırda ortada yekdil rəy yoxdur. Yekun nəticə yalnız müzakirələr başa çatandan sonra açıqlanacaq", deyə cümə günü Trend - a Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Trend -un arayışı: Müsavat mayın 18-nə təyin etdiyi aksiyanı təxirə salıb. Buna səbəb kimi Bakı Şəhər İcra Hakimiyyətinin aksiyanın partiyanın istədiyi yerlərdə (Füzuli meydanı, "Təbriz" (keçmiş "Sevinc") kinoteatrı, Ukrayna meydanı, keçmiş "Qələbə" kinoteatrının qarşısı və "Nərimanov" metrostansiyası qarşısı) yox, "Bibiheybət" qəsəbəsində keçirilməsinə icazə verməsi göstərilib. Bundan əvvəl də Müsavat mayın 4-nə təyin etdiyi aksiyanı eyni səbəbdən təxirə salmışdı. Azərbaycanın Müsavatdan başqa digər partiyaları (Demokrat, Vətəndaş və İnkişaf, Xalq Cəbhəsi, Liberal, Ədalət, Sosial Demokrat) hesab edir ki, ölkədə aksiyalara sosial sifariş tam yetişməyib.
Hacılı isə bildirib ki, Azərbaycanda aksiyalar üçün sosial sifariş var. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti partiyaya istədiyi yerlərdə aksiya keçirməyə imkan vermir. "Bizim fikrimizcə, əhalinin əksər təbəqəsi narazıdır və bu narazılıq kütləvi aksiya keçirmək üçün kifayət edir" deyən Hacılı vurğulayıb ki, partiya paralel olaraq Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə verilməsi ilə bağlı işi davam etdirir. Onun sözlərinə görə, meriyanın ikinci dəfə məhkəməyə verilməsi nəzərdə tutulur. "Hazırda biz aksiya keçirilməsi ilə bağlı yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi planlaşdırmırıq. Xatırladım ki, biz mayın 4-də keçirilməsi gözlənilən aksiyaya icazə vermədiyi üçün meriyanı məhkəməyə vermişik və proses yaxın vaxtlarda başlanılacaq. Meriyanın mayın 18-dəki aksiyaya icazə verməməsi də qanun pozuntusudur və bununla bağlı da ayrıca olaraq məhkəməyə müraciət olunacaq. Ümumiyyətlə, hüquqi sahədə iş Avropa Məhkəməsinə qədər davam etdiriləcək" - deyə Hacılı vurğulayıb .
Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə Trend -a bildirib ki, Müsavatın aksiyalarının təxirə salınmasının səbəbi partiyanın daxili problemindən doğur. Çünki partiyanın sosial bazası kifayət qədər azdır və bu, kütləvi aksiyanın keçirilməsinə imkan vermir.