Azərbaycan, Bakı, 29 may / Trend , müxbir C.Ağayeva/ Ermənistan Dağlıq Qarabağı Azərbaycandan ayırmaq kimi ekstremal mövqeyindən imtina etməlidir. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
Azərbaycan və Ermənistan prezidentlərinin iyunun əvvəlində Sankt-Peterburqda keçiriləcək növbəti danışıqları münaqişənin nizamlanması üzrə Yerevanın mövqeyinin dəqiqləşdirilməsinə istiqamətlənib.
"Münaqişənin nizamlanması üzrə növbəti addımlar tərəflərin prinsipial mövqelərindən asılı olacaq, onlar bir-birindən fərqlənəcəyi təqdirdə bu danışıqların davam etdirilməsi mənasız olacaq", - deyə nazir müavini bildirib.
Azərbaycanın xarici işlər nazirinin müavini rəsmi Bakının münaqişənin beynəlxalq prinsip və normalar çərçivəsində sülh yolu ilə həllinə sadiq olduğunu yenidən bəyan edib. "Bakı Praqa prosesi çərçivəsində danışıqları davam etdirməyə hazırdır", - deyə Əzimov bildirib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend