Azərbaycan, Bakı, 29 may / Trend , müxbir D.Xatınoğlu/ MAQATE İranın nüvə silahı istehsal etməsinə dair sənədlərin əslini rəsmi Tehrana təqdim etməyincə, MAQATE ilə İran arasında əməkdaşlıqda problemlər olacaq. "MAQATE-İran müzakirələrini ləngidən əsas problem odur ki, MAQATE İrana nüvə silahı istehsal etməsinə dair konkret və tutarlı sənəd göstərmir"- deyə, İran əsilli ABŞ eksperti Məhəmməd Səhimi (Muhammad Sahimi) Trend -a bildirib.
MAQATE-nin baş direktoru Məhəmməd Əl-Bəradei mayın 26-da İranın nüvə planına dair növbəti məruzəsini MAQATE Hakimlər Şurasına təqdim edib. O, məruzəsində bildirib ki, İran "iddia olunan" nüvə bombası istehsal etməsi məsələsinə aydınlıq gətirməkdən, nüvə obyektlərini MAQATE-nin heyətinə göstərməkdən imtina edib.
"Mən hesab edirəm ki, İran nüvə silahı ətrafında yaranmış sualları cavablandırmazdan qabaq, Qərb dövlətlərinin kəşfiyyat orqanları tərəfindən MAQATE-yə təqdim olunmuş sənədləri tələb etməlidir. İran bu sənədləri mütləq görməlidir, çünki istənilən kəşfiyyat orqanı zahirən qanuni görünən saxta sənədlərlə də çıxış edə bilər" - deyə, ABŞ-ın Kaliforniya Universitetinin rektoru Səhimi cümə axşamı telefonla bildirib.
Onun fikrincə, MAQATE-nin bəzi tələbləri əsassızdır, məsələn, İranın nüvə silahı istehsal etməsinə dair sənədlərin əslini İrana göstərə bilmir: "MAQATE-də sənədlərin elektron variantı var, amma bu, şübhədoğurur. Bu, hətta uşaq oyununa bənzəyir. İstənilən şəxs elektron fayla dəyişiklik edə bilər. Lakin MAQATE-nin son məruzəsində göstərilir ki, təşkilatda hətta bu sənədlərin elektron surətləri də yoxdur. Təşkilat isə, İrandan bu sənədlərdən irəli gələn məsələlərə aydınlıq gətirməsini tələb edir ki, bu da həqiqətən, gülməlidir"-deyə, Səhimi hesab edir.
Ekspertin fikrincə, MAQATE gec-tez İrana sənədlərin əslini və mənbəyini təqdim etməlidir: "Mənbə göstərilərsə, bu, İrana onların həqiqiliyini yoxlamağa imkan verəcək. Əks təqdirdə, həqiqiliyi sübut olunmayan sənədlərə görə İrandan izahat tələb etmək ağılsızlıqdır. Sənədlərin ən əsas mənbəyi guya İranda oğurlanan və ölkədən çıxarılan noutbukdur. İranı tanıdığım üçün bu iddiaya bir qədər inanmıram. Mən demirəm ki, bu, heç bir halda həqiqət ola bilməz, amma daha çox əsassız olduğuna inanıram".Səhimi hesab edir ki, MAQATE ilə İran arasında danışıqlar davam etdiriləcək. "İranın strategiyası özünün nüvə obyektləri barədə MAQATE-yə mühafizəkarcasına məruzə etməkdən ibarətdir. Bununla da İran bütün dünyaya nüvə silahının yayılmamasına dair Sazişə və zəmanət bərədə müqaviləyə sadiq qaldığını nümayiş etdirmək istəyir. Sənədlərə gəldikdə isə, MAQATE ilə İran arasında anlaşılmazlıq ondan ibarətdir ki, Agentlik daha etibarlı sənədlər təqdim etməlidir. Əks halda, İran MAQATE ilə könülsüz əməkdaşlıq edəcək və lazımi məlumatların çatdırılmasını yubadacaq" - deyə, ekspert qeyd edib.
Səhimi əlavə edib ki, "Altılıq" ölkələrinin BMT Təhlükəsizlik Şurasının daha bir Qətnamə qəbul edərək, İrana sanksiyaları və təzyiqləri sərtləşdirməsi mümkündür. Ekspertə görə, bu, hazırda həmin altı ölkənin yeganə strategiyasıdır.
"Müharibəyə gəldikdə isə, mən Buş administrasiyasının İranı bombalamasının mümkünlüyünü hələ də istisna etmirəm. Bu, ən azı ilkin mərhələdə İranın nüvə proqramının həyata keçirilməsinin qarşısını almağa səbəb ola bilməz. ABŞ heç vaxt bu bəhanəni İranın üzərindən görütdüyü barədə bəyanat verməyib"- deyə, ABŞ eksperti hesab edir.
Onun fikrincə, ABŞ İrana hücum edərsə, bu, Tehran hakimiyyətinin İraqdakı "xüsusi qrupları" silahlandırmasını, İraqa nə dərəcədə təsir göstərdiyini yoxlamaq məqsədilə ediləcək. O zaman parlayışlar İranın nüvə obyektlərinə qədər gedib çıxa bilər - deyə ekspert düşünür.
İndiyədək BMT Təhlükəsizlik Şurası İranın uranın zənginləşdirilməsi planına qarşı üç sanksiya tətbiq edib. Qərb İranı nüvə silahı istehsal etməkdə günahlandırır. Rəsmi Tehran isə, nüvə proqramının sülhməramlı olduğunu bildirərək, ölkəyə qarşı yürüdülən ittihamları rədd edir.