Azərbaycan, Bakı, 07 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan prezidentliyinə namizəd özünün seçki proqramını açıqlayıb. "Mənim platformam 3 əsas prinsip üzərində qurulacaq", - deyə şənbə günü Trend -a Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov bildirib.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.
Namazov qeyd edib ki, onun seçki platformasında yer alan əsas məsələlərdən biri milli həmrəyliyə nail olunması ilə bağlıdır. "Mənim fikrimcə, soyuq vətəndaş müharibəsi aradan qalxmalı, siyasi mühacirlər vətənə qayıtmalı, eks-prezidentlərlə bağlı qanun qəbul olunmalıdır. Platformamdakı ikinci əsas prinsip isə ədalətli siyasi quruluşun qurulmasıdır. Hesab edirəm ki, icra başçıları seçki yolu ilə seçilməli, bələdiyyələrin statusu genişlənməlidir. Üçüncü əsas prinsip isə əhalinin sosial problemlərinin həllidir", - deyən Namazovun sözlərinə görə, artıq onun seçki qərargahı formalaşıb. Bundan başqa, Namazov digər müxalifət partiyalarının dəstəyini almaq üçün iş aparacağını da vurğulayıb. "Həmçinin mən cəmiyyətə təsir edə biləcək nüfuz qrupları ilə iş aparıram və nüfuzlu şəxslərlə razılığa gələcəyimə inanıram", - deyə o qeyd edib.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədov isə Trend -a müsahibəsində vurğulayıb ki, Azərbaycanın siyasi həyatını səciyyələndirməyə çalışsaq, bütövlükdə YAP-ın ideya dominantlığı hökm sürməkdədir. "Burada söhbət bizim istəyimizin nəticəsində bunun baş verməsindən daha çox opponentlərimizin cəmiyyətə təqdim edə biləcəyi ideyaların zəifliyi ilə bağlıdır. Bundan öncə keçirilən seçkilərdə də müxalifətin iqtidarı tənqid etməkdən savayı səmərəli, rassional proqram ortaya qoymasının şahidi olmamışıq. Etiraf etmək lazımdır ki, bütün seçki kampaniyalarında opponentlərimizin bizə qarşı istifadə etdiyi yeganə məsələ bizi tənqid etmək olub. Bu tənqidin əsaslarının olub-olmadığı ayrı söhbətdir. Bir sıra hallarda onlar bizi tənqid etməkdən ötrü Azərbaycanın reallığını təhrif etməkdən belə çəkinməyiblər", - deyən Əhmədov vurğulayıb ki, müxalifət tərəfindən istər xarici siyasət, istər regional siyasət, istər daxili siyasət, istərsə də iqtisadi-sosial siyasət sahəsində fərqli proqram təqdim olunmayıb. Müxalifət tərəfindən hakimiyyətin həyata keçirdiyi siyasətdən fərqlənən siyasət və ya konsepsiya ortaya qoyulmayıb. "Qarşıdan gələn prezident seçkilərində bizim irəli sürəcəyimiz proqrama alternativ proqramın irəli sürüləcəyinin hər hansı bir əlamətləri yoxdur və bundan sonra da olacağına inanmıram. Cəmiyyət seçkidə bir daha əmin olacaq ki, həmişə olduğu kimi, indi də müxalifətin təqdim edə biləcəyi səmərəli ideyaları yoxdur", - deyə o qeyd edib.
YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]