Azərbaycan, Bakı, 24 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Xalq Cəbhəsi, Müsavat və Klassik Xalq Cəbhəsi partiyalarının indiki şəraitdə əməkdaşlığı mümkün deyil. "Bu çox uğurlu öhdəlik və arzudur. Zaman göstərib ki, bir yerdə ola bilənlər, bir yerdədir", bunu çərşənbə axşamı jurnalistlərə KXCP sədri Mirmahmud Mirəlioğlu deyib.
Trend -un arayışı:Xalq Cəbhəsi, Müsavat və Klassik Xalq Cəbhəsi partiyalarının birgə ittifaqının yaradılması ideyası bir müddət öncə Müsavat Partiyası tərəfindən irəli sürülüb. Son günlər bu məsələ yenidən gündəmə gətirilib və Müsavat başqanının müavini Qabil Hüseynli bu təklifin reallaşmasını mümkün sayıb.
Mirəlioğlu vurğulayıb ki, müəyyən səbəblərə görə bir araya gələ bilməyən müxalifət partiyalarının hazırda əməkdaşlığı real deyil. "Nəticəsi indidən məlum olan cəhdlərə ehtityac yoxdur", - deyə o qeyd edib.
2006-cı ilin mart ayında Klassik Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. Həmin vaxta qədər partiya Azərbaycan Xalq Cəbhəsi Partiyası adına iddia edirdi və "Klassiklər" AXCP-si kimi tanınırdı. Azərbaycanın eks-prezidenti, AXCP-nin sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra "Klassiklər" qanadına sədrlik edib. 2006-cı ildə partiyanın adında dəyişiklik edilərək KXCP adlandırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]