...

NATO-ya üzvlük məsələsi Azərbaycan-Amerika hərbi məsləhətləşmələrində müzakirə ediləcək – səfir

Siyasət Materials 24 İyun 2008 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun/ Trend Ne , müxbir M.Əliyev/ Təhlükəsizlik üzrə Azərbaycan-Amerika Bakı məsləhətləşmələri çərçivəsində ölkənin NATO-ya üzvlük məsələsi də müzakirə ediləcək. Bu barədə jurnalistlərə çərşənbə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

Səfir təhlükəsizlik üzrə çoxsaylı məsələlərin müzakirə ediləcəyi hərbi məsləhətləşmələrin bu ilin iyun ayında keçiriləcəyinə ümid etdiyini bildirib.

Azərbaycan və Amerika arasında hərbi məsləhətləşmələr artıq on ildir ki, davam edir. Azərbaycanı görüşdə ölkənin xarici işlər nazirinin müavini Araz Əzimov və digər müvafiq nazirliklərin nümayəndələri təmsil edəcəklər.

Təhlükəsizlik üzrə Azərbaycan-Amerika məsləhətləşmələri aprelin 23-25-də Vaşinqtonda keçirilməli idi. Lakin həmin məsləhətləşmələr rəsmi Bakı tərəfindən təxirə salınmışdı. Buna Amerika Dövlət Departamenti tərəfindən martın 6-da Ermənistanda insan hüquqlarına dair nəşr edilmiş məruzəyə edilən dəyişikliklər səbəb olmuşdu. Belə ki, sənədin ilkin variantında Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonun Ermənistan tərəfindən işğal edilməsi faktı öz əksini tapmışdı. Lakin göstərilən təsnifat 20 apreldə dəyişdirilmişdi.

ABŞ-ın rəsmi nümayəndələri dəyişikliklərin edilməsini öz əvvəlki mövqelərinin səhv olması ilə əsaslandırmışdılar. Bununla əlaqədar olaraq rəsmi Bakı Araz Əzimovun başçılıq edəcəyi hökumət nümayəndə heyətinin Vaşinqtona təhlükəsizlik üzrə məsləhətləşmələrlə əlaqədar səfərini təxirə salmışdı.

Dövlət Departamenti tərəfindən aprelin 25-də hesabatın ilkin variantı bərpa edilib.

Xəbər lenti

Xəbər lenti