...

Azərbaycanın müxalifət partiyasının piketi polislər tərəfindən dağıdılıb

Siyasət Materials 11 İyul 2008 12:36 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının piketi polislər tərəfindən dağıdılıb

Azərbaycan, Bakı, 11 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Müsavat Partiyası cümə günü Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında icazəsiz piket keçirməyə cəhd edib. Partiyanın 15 -20 fəalı Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına getməyə cəhd etsə də, polislər piketçilərin qarşısını kəsiblər.

Trend -un arayışı: Müsavat Bakı Şəhər İcra Hakimiyyətini iyunun əvvəllərində məhkəməyə verib. İyunun 25 -də Səbail rayon məhkəməsi Müsavatın iddiası ilə bağlı qərarı çıxararaq, partiyanın iddiasını rədd edib. Partiya yaxın vaxtlarda bu qərardan appelyasiya şikayəti verib. Müsavatın iddiasında Bakı meriyasının partiyanın mayın 4 - də keçirmək istədiyi mitinqə müvafiq yer ayrılmaması ilə bağlı qərarının, qanunsuz sayılaraq, ləğvi tələb olunurdu. Müsavat mayın 4 -nə və 18 - nə planlaşdırdığı iki mitinqi təxirə salıb. Buna Bakı meriyasının aksiyaçıları Bibiheybət qəsəbəsindəki stadionu təklif etməsi olub. Partiya mitinqə Ukrayna meydanı, keçmiş "Qələbə" kino-teatrının qarşısı, "Nərimanov" metrostansiyasının ətrafı, Füzuli meydanı və ya "Təbriz" (keçmiş "Sevinc") kino - teatrının qarşısındakı ərazilərdən birinin ayrılmasını istəyirdi. Ötən ay partiya Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında icazəsiz piket keçirmişdi.

Bakı Şəhər İcra Hakimiyyətinin iyulun 10 - da partiyaya göndərdiyi cavab məktubunda bu günə planlaşdırılan piketə icazə verilmədiyini bildirilib.

Trend -un məlumatına görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, vəkil Tofiq Yaqublu və digər 10 partiya fəalı polislər tərəfindən saxlanılaraq, Səbail rayonu 9 - cu Polis Bölməsinə aparılıblar.

ATƏT-in Bakı Ofisinin müşahidəçilərinin izlədiyi piketdə müsavatçılar vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin olunması şüarını səsləndiriblər. ATƏT-in Bakı Ofisinin nümayəndəsi Andraş Xuqik jurnalistlərə bildirib ki, polislərin piketdəki fəaliyyətinə qiymət veriləcək. "Biz bilmirik ki, piketdə saxlanılanların vəziyyəti necədir. Proses tam öyrənildikdən sonra ilkin rəy açıqlanacaq"- Xuqik deyib.

Səbail rayon Polis İdarəsinin rəis müavini Kamal Abışov isə, jurnalistlərə deyib ki, piket icazəsiz olduğundan, dağıdılıb.

Piketin keçirilməsinə ikinci dəfə cəhd edilsə də, 4-5 nəfər polislər tərəfindən saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti