...

İran-Azərbaycan marşrutu üzrə narkotika qaçaqmalçılığı ilə məşğul olan iki qrup zərərsizləşdirilib

Siyasət Materials 28 İyul 2008 16:35 (UTC +04:00)
İran-Azərbaycan marşrutu üzrə narkotika qaçaqmalçılığı ilə məşğul olan iki qrup zərərsizləşdirilib

Azərbaycan, Bakı,28 iyul / , müxbir K. Zərbalıyeva/ Milli Təhlükəsizlik Nazirliyi "İran-Azərbaycan" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan iki qrup zərərsizləşdirib.

MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin bazar ertəsi yaydığı məlumata görə, onlardan ümumi çəkisi 33 kiloqramdan çox narkotik vasitələr aşkarlanaraq götürülüb.

Bakı şəhər sakinləri - Afət Hüseynova, Niyazi Əkbərov və Nazim Cabbarov saxlanılıb və 31 kq 124,5 qram narkotik vasitə olan həşiş qətranı götürülüb.

Müəyyən edilib ki, onlar və habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı qabaqcadan əlbir olmaqla, həmin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli keçirərək, satış məqsədi ilə İrandan Azərbaycana gətiriblər.

Afət Hüseynova İran vətəndaşına sifariş verdiyi narkotik vasitəni ondan qəbul etməyi Niyazi Əkbərova və Nazim Cabbarova tapşırıb.

Bu məqsədlə Niyazi Əkbərov Afət Hüseynovaya məxsus və özünün etibarnamə ilə idarə etdiyi "WANHOLL" markalı avtobusla Bakı şəhərindən İrana yola düşüb.

Əkbərov İranın Rəşt şəhərinin Fuman qəsəbəsində həmin İran vətəndaşından narkotik vasitə olan 31 kq 124,5 qram həşiş qətranını təhvil alıb və avtobusun istilik hava borusunun içərisində narkotiki gizlədib.

2008 - ci il iyulun 25 -də MTN tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Niyazi Əkbərov saxlanılıb və avtobusa baxış zamanı 31 kq 124,5 qram həşiş qətranı aşkarlanaraq götürülüb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən digər əks-kəşfiyyat tədbirləri çərçivəsində, Sumqayıt şəhər sakini Ziyəddin Əlizadə və İran vətəndaşı Nadir Seyidi saxlanılıb, onlardan 1 kiloqram 887,5 qram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.

Müəyyən edilib ki, əldə olunan razılığa görə, Əlizadənin sifarişi ilə hazırda şəxsiyyəti istintaqla müəyyənləşdirilən İran vətəndaşı külli miqdarda narkotik vasitə olan həşişi qrupun digər üzvü Nadir Seyidinin idarə etdiyi "HOVO" markalı avtomobilin ehtiyat təkərinin içərisində gizlədib.

Əlizadə Bakı şəhərinin "Aeroport" adlanan ticarət mərkəzinin ərazisində Nadir Seyidinin İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi narkotik vasitəni ondan qəbul etmək üçün yaxınlaşarkən hər ikisi yaxalanıb, avtomobilə baxış zamanı onun ehtiyat təkərinin içərisindən 1887,5 qram narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb.

Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti