...

Azərbaycanın müxalif partiyasının piketinə icazə verilməyib

Siyasət Materials 31 İyul 2008 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Müsavat Partiyasının avqustun 1-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qarşısında keçirmək istədiyi piketə icazə verilməyib. "BŞİH heç bir səbəb göstərmədən piketin keçirilməsi ilə bağlı xəbərdarlıq məktubumuza mənfi cavab verib və piketin keçirilməsini məqsədəuyğun saymayıb", cümə axşamı Trend -a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Trend -un arayışı: Müsavat son iki ay ərzində BŞİH-nin qarşısında iki icazəsiz piket keçirib. İyulun 11-də keçirilən sonuncu piketdə Müsavatın 13 fəalı polis tərəfindən saxlanılıb və onlara xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.

Hacılı vurğulayıb ki, Müsavat piketi təxirə salmayacaq. "Partiyamızın Mitinq Komitəsinin qərarına uyğun olaraq sabah saat 12-də piketimizi keçirəcəyik", - deyən Hacılı hesab edir ki, BŞİH-nin piketə icazə verməməsi qanunaziddir. Onun sözlərinə görə, bu dəfəki piketdə də yenə sərbəst toplaşma hüququnun BŞİH tərəfindən məhdudlaşdırılmasına etiraz olunacaq.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti